"Qafqazinfo"ya daxil olan məlumatda bildirilir ki, İyulun 31-dən avqustun 1-ə keçən gecə erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib.
Atəşkəs dövrü olmasına baxmayaraq son günlər işğalçı Ermənistan silahlı qüvvələrinin diversiya qrupları işğal olunmuş Azərbaycan torpaqlarından mütəmadi olaraq təmas xəttini keçməyə cəhd edir, atəşkəs rejimini pozur, Azərbaycanı müharibəyə təhrik edir. Torpaqlarımızın işğalı az deyilmiş kimi bu hücumların qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitləri şəhid olur. Təəssüflər olsun ki, bu beynəlxalq aləmin gözləri qarşısında baş verir və beynəlxalq güclər hələ də işğalçı Ermənistanın hərəkətlərinə göz yumurlar.
Ümid Partiyası olaraq Qarabağ probleminin sülh yolu ilə həllini istəyən, Cənubi Qafqazda sabitliyin bərqərar olmasına çalışan ölkələri və beynəlxalq təşkilatları Ermənistanı işğalçılıq siyasətindən çəkindirmək üçün bu ölkəyə sanksiyalar tətbiq etməyə çağırırıq.
Azərbaycan hakimiyyətini isə hər gün atəşkəs rejiminin pozulmasını, Ermənistan tərəfindən müharibəyə təhrik edilməsini, bir gündə 11 hərbiçimizin şəhid olmasını beynəlxalq güclərin diqqətinə çatdırmaq üçün tədbirlər görməyə, ölkə ərazisində bir günlük matəmin elan olunmasına çağırırıq.
Son xəbərlər
Son Xəbərlər