Mərkəzi Seçki Komissiyası (MSK) partiyalara xəbərdarlıq etdi. 14 siyasi partiya 2015-ci il üzrə illik maliyyə hesabatını MSK-ya təqdim edib.
“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, partiyalar aprelin 1-nə qədər illik maliyyə hesabatlarının MSK-ya təqdim edilməsi və hesabatların dərc edilərək rəsmiləşdirilməsi prosesini başa çatdırmalıdır. MSK sədrinin müavini Natiq Məmmədov bildirib ki, hesabatlarını təqdim etməyən partiyalarla bağlı qanunvericilikdə nəzərdə tutulan addımlar atacaq, bununla bağlı Ədliyyə Nazirliyinə müvafiq müraciət ediləcək.
"Ümid edirəm ki, partiyalara qarşı sanksiyalara ehtiyac qalmayacaq. Azərbaycanda siyasi partiyaların fəaliyyəti şəffaf, düsrüst olmalıdır. Gələcəkdə isə beynəlxalq təşkilatlar da bu sahədə partiyaların maarifləndirilməsinə cəlb olunacaq”.
İki il öncə Milli Məclisin iclasında “Siyasi partiyalar haqqında” qanuna əlavə və dəyişiklik müzakirəyə çıxarılıb. Ötən il Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Azərbaycanda siyasi partiyalardan maliyyə hesabatı zamanı auditor rəyinin tələb olunacağı məsələsinə aydınlıq gətirib. Onun sözlərinə görə, məqsəd siyasi partiyaların maliyyələşməsində şəffaflığı təmin etməkdir.
“Siyasi partiyalar həm dövlət büdcəsindən aldığı vəsait, həm də özünün topladığı üzvlük haqqı, ianələr və digər vəsaitlər haqqında Mərkəzi Seçki Komissiyasına maliyyə hesabatı təqdim etməlidir. Götürək ki, hər hansı bir xarici təşkilat ilə şərik olan təşkilat və yaxud dövlət qurumu ilə şərik olan təşkilatlar, dini qurumlar və digər təşkilatlar siyasi partiyalara ianələr köçürə bilməz. Buna görə də hesabat təqdim olunanda orada maliyyənin mənbəyi də göstərilməlidir. Bu baxımdan auditor rəyinin təqdim edilməsi də vacibdir”.
"Mühasibat uçotu haqqında" qanuna təklif olunan dəyişiklikdə siyasi partiyalar üçün maliyyə hesabatında auditor rəyi tələb olunacaq. Qanunun 14.6-cı maddəsinə təklif olunan dəyişikliyə əsasən siyasi partiyalar tərəfindən illik maliyyə hesabatları auditor rəyi ilə birlikdə hər il aprelin 1-dən gec olmayaraq Mərkəzi Seçki Komissiyasına təqdim edilməlidir.
Son xəbərlər
Son Xəbərlər