“PAŞA Həyat Sığorta” 10 aya yekun vurdu

pasa-heyat-sigorta-10-aya-yekun-vurdu
Oxunma sayı: 655

“Qafqazinfo”nun məlumatına görə, bununla bağlı keçirilən tədbirdə şirkətin İdarə Heyətinin sədr müavini Niyaz İsmayılov bildirib ki, 7 mln. manat nizamnamə kapitalı ilə fəaliyyətə başlayan “PAŞA Həyat Sığorta”nın hazırda nizamnamə kapitalı iki dəfədən çox artırılaraq 15,050 mln. manata çatdırılıb: “2012-ci ilin yanvar-oktyabr aylarında şirkətimiz tərəfindən sığorta hadisələri üzrə 252 min manata yaxın sığorta ödənişi edilib ki, bu da ötən ilin müvafiq dövrü üzrə verilən ödənişlərlə müqayisədə təxminən 3 dəfə çox olub. Qeyd olunan dövr ərzində könüllü sığorta növləri üzrə ödənilən vəsaitlərin həcmi 88,627 min manat, icbari sığorta üzrə verilən ödənişlərin həcmi isə 163 min manatdan çox olub. Göründüyü kimi, məcmu ödənişlərdə könüllü sığorta növlərinin payı 35%, icbari sığorta növünün payı isə 65% təşkil edib”.
N. İsmayılov onu da qeyd edib ki, son bir il ərzində şirkətin sığorta haqlarının həcmində də ciddi artım müşahidə olunub. Belə ki, bu ilin 10 ayında şirkət tərəfindən toplanılan sığorta haqlarının həcmi 2011-ci ilin 10 ayı ilə müqayisədə 4,936 mln. manat və ya 66% artaraq 12,459 mln. manata çatıb: “Bu dövr ərzində könüllü sığorta növləri üzrə yığımların həcmi 3,691 mln. manat, icbari sığorta növləri üzrə 8,768 mln. manat təşkil edib. Məcmu yığımlarda könüllü sığorta növlərinin xüsusi çəkisi 30%, icbari sığorta növlərinin payı isə 70% olub. Son bir il ərzində könüllü sığorta növlərinin ümumi sığorta haqqlarındakı payı durmadan artmaqdadır. Ötən il şirkətin xalis mənfəəti 2,5 milyon manata yaxın olub. Bu il isə bu rəqəmin 5 mln. manat olacağını gözləyirik”.
Növbəti il üçün planlarından da danışan şirkət rəsmisi bildirib ki, 2013-cü il ərzində şirkət tərəfindən bazara 5-ə yaxın yeni sığorta məhsullarının da təqdim edilməsi planlaşdırılır. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Nizamnamə kapitalının da daha 5 mln. manata yaxın artırılması nəzərdə tutulur.
Qeyd edək ki, “PAŞA Həyat Sığorta” şirkəti 24 noyabr 2010-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 14 fevral 2011-ci il tarixli lisenziyası əsasında həyat sığortası növü üzrə xidmətlərin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərir.
Nigar Məmmədli