PAŞA Holding Qarabağın dirçəlişinə töhfə verməyə davam edir - Foto

pasa-holding-qarabagin-dircelisine-tohfe-vermeye-davam-edir
Oxunma sayı: 2236

2020-ci ildən etibarən, fiziki və ya hüquqi şəxs olmasından asılı olmayaraq, ölkəmizin bütün nümayəndələrinin əsas məqsədləri arasında əsas yerlərdən birini Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinin bərpası və yenidən qurulması, eləcə də sözügedən ərazilərdə dayanıqlı iqtisadiyyatın formalaşmasına töhfə vermək təşkil edir.

Ölkənin aparıcı holdiqlərindən olaraq PAŞA Holding ilk gündən bu sahədə fəaliyyətləri ilə fərqlənir və hazırda bu fəaliyyətini davam etdirir. Belə ki, hazırda PAŞA Holding və onun maliyyə törəmə müəssisələri Heydər Əliyev Fondu tərəfindən icra olunan 3 layihənin icrasına dəstək göstərir. Birinci layihə çərçivəsində PAŞA Holding, PAŞA Bank, Kapital Bank və PAŞA Sığortanın dəstəyi ilə Ağdam Cümə məscidi, Yuxarı Gövhər Ağa və Aşağı Gövhər Ağa məscidləri, eləcə də Zəngilan və Saatlı məscidlərinin bərpası həyata keçirilir; ikinci layihə çərçivəsində PAŞA Həyat və PAŞA Sığorta şirkətlərinin dəstəyi ilə Ağdam rayonu, Qiyaslı kənd məscidinin bərpası və konservasiyası, eləcə də yeni tikililərin tikilməsi və ətraf ərazinin abadlaşdırılması nəzərdə tutulub; üçüncü layihə çərçivəsində isə Şuşa şəhərində Zəfər parkı və yeni məsçidin layihələndirilməsi, eləcə də digər mühəndislik işlərinin təşkili planlaşdırılır.

“Ötən ildən etibarən şirkətlərimiz öz strategiyalarının bir hissəsi olaraq azad edilmiş ərazilərin bərpasına xüsusi diqqət ayırır ki, bu istiqamətdə şirkətlərimiz tərəfindən azad edilmiş ərazilərin həm iqtisadi, həm infrastruktur, həm də ekoloji bərpasına həsr olunmuş artıq bir neçə layihə icra olunub. Heydər Əliyev Fondu tərəfindən icra olunan bu layihəyə dəstək göstərmək də birbaşa olaraq bizim strategiyamızda öz əksini tapır” – PAŞA Holding-in Korporativ kommunikasiyalar üzrə baş mütəxəssisi Aytac Muxtarzadə bildirib.

Qeyd edək ki, Heydər Əliyev Fondu tərəfindən icra olunan layihələr çərçivəsində əhatə olunan  Yuxarı Gövhərağa məscidinin bərpası prosesinin 2024-cü ildə yekunlaşması planlaşdırılır.