Paşinyan Ermənistan MN-in təkzib etdiyi məlumatı təsdiqlədi

pasinyan-ermenistan-mn-in-tekzib-etdiyi-melumati-tesdiqledi
Oxunma sayı: 5925

Ermənistanın baş naziri Nikol Paşinyan sabiq baş hərbi müfəttiş,  general-polkovnik Movses Akopyanın ölkəsinin Rusiyadan döyüş sursatı ilə təchiz edilməyən “Su-30SM” təyyarələri alması barədə verdiyi açıqlamanı təsdiqləyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. 

“Bizi təyyarələri niyə aldıq deyə ittiham edirlər. Bəli, biz təyyarələr almışıq. Və bəli, müharibədən əvvəl raket almağa vaxtımız yox idi. Ancaq siz təyyarələri alardınız, biz də raketləri alardıq”, - deyə Paşinyan bildirib.

Xatırladaq ki, İkinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra istefa verən Movses Akopyan ötən il noyabrın 19-da  keçirdiyi mətbuat konfransında Paşinyanın silah alışı ilə bağlı planını dəyişdirdiyini söyləmişdi:

““Su-30SM” qırıcıları aldıq. Su təyyarələrinə ehtiyacımız yox idi. Bu təyyarələr burada sursatsız qalıb. Rusiya hökumətinin qərarına görə, bu qırıcıların döyüş sursatlarının ikinci ölkələrə satılması qadağandır”.

Elə həmin gün Ermənistan Müdafiə Nazirliyi Akopyanın açıqlamalarının nəinki həqiqətə uyğun olmadığını, həm də dövlət sirrini ehtiva etdiyini qeyd edərək təkzib vermişdi. Nazirlik həmçinin “Su-30SM” təyyarələrində silah-sursatın olmaması ilə bağlı iddiaların da yanlış olduğunu açıqlamışdı. 
 
Gülnar Əliyeva