Paşinyan Xaçatryanı Zəngəzurun qubernatoru etmək istəyir

Paşinyan Xaçatryanı Zəngəzurun qubernatoru etmək istəyir
Oxunma sayı: 1736

Ermənistanın Baş naziri Nikol Paşinyan Zəngəzurdan olan millət vəkili Armen Xaçatryana onu vilayətin qubernatoru vəzifəsinə təyin edəcəyini vəd edib.

“Qafqazinfo” “Hraparak” qəzetinə istinadən xəbər verir ki, “Vətəndaş müqaviləsi” partiyasından olan Armen Xaçatryan bu vəzifəni iyun ayında keçirilən parlament seçkiləri zamanı hakim partiyanın xeyrinə fəal olaraq seçicilərin səslərini cəlb etdiyinə görə əldə edəcək.

Bildirilir ki, Armen Xaçatryan əvvəlki hökumətdə Yol Polisinin sədrinin müavini vəzifəsini icra edib. 

Qəzet yazır ki, millət vəkili yerli seçkilər ərəfəsində Zəngəzur vilayətində “Vətəndaş müqaviləsi” partiyasından namizədliklərin irəli sürülməsi üçün səylərini əsirgəmir. Bunun da nəticəsi olaraq, Armen Xaçatryan və cari qubernator Melikset Poqonyan arasında münasibətlər qəfil olaraq pisləşib.

“Hraparak” qeyd edir ki, bu cür rəqabət fonunda partiya daxilində vaxtaşırı qalmaqallar yaranır. Bildirilir ki, hazırki qubernator Melikset Poqonyan güclü namizədlərin vilayət seçkilərində qalib gəlməsi üçün demək olar ki, heç nə etmir. Çünki bilir ki, seçkilərdən sonra vəzifəni Xaçatryana verəcək. Armen Xaçatryan isə öz növbəsində qeyd edib ki, qubernator olmaq arzusunda deyil. Onun sözlərinə görə, vilayətin hazırki rəhbəri onun dostudur və bu səbəbdən də onlar münaqişə apara bilməzlər.