Paşinyanın adından Trampa saxta təbrik yazan şəxs saxlanıldı

pasinyanin-adindan-trampa-saxta-tebrik-yazan-sexs-saxlanildi
Oxunma sayı: 11823

Ermənistanın Milli Təhlükəsizlik Xidməti Baş Nazir Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampı İran əleyhinə əməliyyatına görə təbrik etməsi barədə yanlış informasiya yayan “Facebook” səhifəsinin sahibini yaxalayıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə MTX-nin mətbuat xidmətindən bildirilib.

Qeyd olunur ki, keçirilmiş operativ-axtarış tədbirləri nəticəsində saxta “Diana Arutyunyan” səhifəsinin sahibinin şəxsiyyəti müəyyən edilib və o, Milli Təhlükəsizlik Xidmətinə aparılaraq hərəkətləri haqqında izahat verib.

Xidmətin saytında saxlanılan şəxsin ifadəsinin yer aldığı video yerləşdirilib. O bildirib ki, saxta məlumatı “Ermənistan hakimiyyətini nüfuzdan salmaq üçün” yayıb. Səhifə sahibi müxalif baxışlara malik olduğunu və Robert Koçaryanın həbsini qanunsuz hesab etdiyini  bildirib. Hazırda faktla bağlı cinayət işi açılsa da, saxlanılan şəxsə qarşı hansı maddə üzrə ittiham irəli sürüldüyü açıqlanmır.

Xatırladaq ki, Paşinyan daha əvvəl açıqlamasında onun adından ABŞ Prezidentini təbrik etməsi barədə yalan məlumatın Azərbaycan mediası vasitəsilə İran KİV-nə ötürüldüyünü iddia edirdi.