“Paşinyanın bu bəyanatı beynəlxalq hüquqa meydan oxumaqdır”

pasinyanin-bu-beyanati-beynelxalq-huquqa-meydan-oxumaqdir
Oxunma sayı: 1736

“Paşinyanın Xankəndinə sonuncu gəlişi və orada Dağlıq Qarabağı Ermənistan ərazisi elan etməsi münaqişənin sülh yolu nizamlanmasının mümkünsüzlüyünün birbaşa təsdiqi oldu”. 

“Qafqazinfo” xəbər verir ki, bunu siyasi ekspert Əlabbas Məhərrəmov müəllif yazısında bildirib. 

O qeyd edib ki, Ermənistan Baş Nazirinin bu bəyanatı konfliktin danışıqlar vasitəsilə aradan qaldırılmasına çalışan Azərbaycana, beynəlxalq hüquqa və həm də vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupuna meydan oxumaqdır:

“Belə bir vəziyyətdə “Azərbaycan indi nə etməlidir?” məsələsinə toxunmazdan əvvəl rəsmi qurumların Paşinyanın növbəti həyasızlığına hələ də reaksiya verməməsinə toxunmaq lazım gəlir. Çox təəssüf ki, Xarici İşlər Nazirliyi Azərbaycana qarşı müharibə elanına bərabər bu avantüraya münasibətdə sükunətini pozmur. Xarici siyasət idarəsi bununla dövlət başçısının “Hücum diplomatiyası” təlimatına uyğun hərəkət etmək qabiliyyətində olmadığını göstərir. 

Sözsüz ki, Paşinyanın Xankəndində Qarabağı Ermənistan ərazisi adlandırması Azərbaycan ictimaiyyətini qəzəbləndirir. Lakin Xarici İşlər Nazirliyinin timsalında dövlət qurumlarının bu səssizliyi düşmənə qarşı yönələn həmin qəzəbi məyusluqla əvəz edir. Bu, çox təəssüf doğuran haldır. 

Paşinyana veriləcək ən adekvat cavab isə əlbəttə ki, işğalçı ölkəyə 2016-cı ilin aprel döyüşlərində vurulmuş sarsıdıcı zərbənin təkrarlanmasıdır. Ancaq bu dəfə əməliyyatları üç gün deyil, Ermənistanın öz məğlubiyyətini rəsmən tanımasına qədər davam etdirmək şərtilə... Çünki işğalçı ölkə bu siyasəti ilə Azərbaycana başqa variant saxlamır”.