Paşinyanın mitinqlərlə bağlı fırıldağı ifşa olundu

pasinyanin-mitinqlerle-bagli-firildagi-ifsa-olundu
Oxunma sayı: 7203

Artıq kapitulyasiya aktını imzalamasından bir il yarım keçməsinə baxmayaraq, məğlub Ermənistan regionda sülhün əldə edilməsinə müharibədən dərhal sonra Ağdamın, Kəlbəcərin və Laçının döyüşsüz boşaldılmasından və yalançı mina xəritələrinin verilməsindən başqa, demək olar ki, heç nə verməyib! Bunları da qarşılıqsız deyil, Azərbaycanın humanist mövqeyinə və addımlarına cavab olaraq edib.

Ermənistanın Baş naziri Nikol Paşinyan sülh danışıqlarının uzanmasını özünün iqtidarının uzanmasına paralelləşdirməyi düşünən kimi görünməkdədir. Çünki bütün baş verənlər onu göstərir. Dövlət başçıları səviyyəsində Rusiyada üç bəyanat, Avropada iki görüş və razılaşma və digər rəsmilər səviyyəsində isə daha neçə-neçə görüşlər. Bununla yanaşı Azərbaycandan qarşı tərəfə artıq BMT nizamnaməsi, Helsinki yekun aktı, bütün müvafiq beynəlxalq sənədlər və ümumilikdə beynəlxalq hüququn prinsiplərinə tam uyğun konkret sülh təklifləri də verilib! Ancaq qarşı tərəfin həmişəki kimi dekonstruktiv mövqeyi və məsuliyyətsiz yanaşması səbəbindən hələ ki, ciddi və həlledici nəticə və sülh sazişi yoxdur!

Bəs kapitulyant Baş nazir kimə və nəyə arxayındır?!

Ümumiyyətlə bir erməni hər bir halda ermənidir prizmasından yanaşdıqda Nikol Paşinyanın öz sələflərindən o qədər də ciddi fərqi yoxdur! Sadəcə onun cinayətkar Robertlərdən, Serjiklərdən əsas fərqi 44 günlük döyüşlərin dəhşətli məğlubiyyətini bütün varlığı, maskanın və saqqalın altında gizlətməyə çalışdığı üzü və əli titrədiyindən imzaladığı məkanı da gizlətdiyi kapitulyasiya aktına imza atdığı qələmi ilə şəxsən hiss etməsindədir! Çünki bəzən birinin keçirtdiyi psixoloji travmanın nəticələri illər ərzində onu müşaiyət edir və onun hərəkətlərindəki qeyri-adekvatlıqda özünü daim göstərir.

Ancaq atdığı bir çox addımlar və söylədiyi fikirlər və ümumilikdə komandasına aid olan insanların fəaliyyəti bu arqumenti də istisna etməyə məcbur edir.

Açıq görünən odur ki, adam düşünür, hesablayır və çalışır ki, mümkün olduğu qədər hakimiyyətini uzatsın, ancaq necə? Ya tərslikdən, ya da siyasi hadisələrin məntiqi ardıcıllığından dünya üzrə baş verən proseslər də onu və rəhbərlik etdiyi dövləti faktlar qarşısında qoyur. Sahiblərinin başı çox böyük problemlərə qarışıb, o qədər böyük ki, bir ucu onun təmin olunmasına və açılmasına mane olmağa çalışdığı sülhün və kommunikasiyaların təcili reallaşmasını zəruri və vacib edir!

Siyasəti, diplomatiyası və məntiqi belə çox dayaz olan Nikol isə elə həmin bacarıqlarına uyğun oyunlar qurmağa çalışır. Bir tərəfdən döyüşdə hərbçilərimizin əlindən qurtarıb qaçırda bildikləri yaratsız silahlardan Ukraynaya qarşı istifadə üçün göndərməklə çətin gündə şimal qonşumuzun yanında olduğunu göstərməyə çalışır. Digər tərəfdən də özü barəsində “demokrat” imicini yaratmaq və Qərbdəki yiyələrinin rəğbətini qazanmaq üçün ölkədə mitinqlərin keçirilməsi fonunun yaradılması üçün süni şərait qurur. O qədər süni ki, ən qəddar düşməni olan Robertin oğlunu və digərlərini mitinqdə saxlayıb bir neçə saat sonra buaraxacaq qədər süni. Hansı ki, həmin şəxslər şəxsən Nikola və onun ətrafına qarşı kifayət qədər ciddi ittihamlar səsləndirirlər və bu ittihamlar əsassızdırsa ittihamçıların, əsaslıdırsa ittiham olunanların məsuliyyət daşımalı olmaları birmənalıdır. Ancaq bununla Paşinyan ona verilən məsləhətlərə uyğun olaraq özü barəsində “demokrat” imicini saxlamağa çalışmaqla yanaşı, həm də Ermənistanın Qarabağ klanının və zamanında onun hakimiyyətə gəlməsində ciddi siyasi və maddi dəstək göstərən dünyadakı erməni lobbi və diaspora təşkilatlarının bütün resurslarını tükəndirməyə çalışır. Bir oxla iki də deyil, hətta üç-dörd dovşanı vurmağa çalışdığının təsiri altında olan Paşinyan həm də, ölkədəki hər gün dərinləşməkdə olan  sosial və iqtisadi problemləri arxa planda gizlətmək üçün keçmiş münaqişəni gündəmə gətirməyə çalışır. Digər tərəfdən də, şəxsən imzaladığı kapitulyasiya aktının və digər sənədlərin tələblərinə riayət etməyi də bu yolla təxirə saldığını düşünür. Belə ki, baş verən mitinqləri bütün rakurslardan lentə alan natamam jurnalist təhsilli erməni Baş nazir bunu dünyaya nümayiş etdirməklə sanki hər addımı ilə hesablaşdığı ermənilərin hələ ki, sülhə hazır olmadıqlarını və onun da bununla hesablaşdığı görüntüsünü yaradır. Bəzən bu cür süni mənzərələri hazırda İrəvanda səfərdə olan Litva Prezidentinə olduğu kimi, bir çox siyasilərə canlı da nümayiş etdirəcək qədər ucuzluğa varırlar.

Ancaq Ermənistan və onu idarə edənlər unudurlar ki, nə zaman, nə şərtlər, nə də ki, Azərbaycan əvvəlki deyil! Zamanında Cənubi Qafqazda münaqişənin olmasında maraqlı olan güclər, bu gün isə regionda heç vaxt istəmədikləri qədər sülh istəyirlər! Dünyanın həyat əhəmiyyətli qan damarlarını təşkil edən Cəbəllütariq boğazını, Panama kanalını, Bosfor və Dardanel boğazlarını və Suveyş kanalını göz bəbəkləri kimi qoruyan güclər Qərb dünyasını dünyanın ən böyük və ən zəngin qitəsi olan Asiyanın uzaq dərinliklərinə aparacaq ən yaxın yol və qapı olan Cənubi Qafqazda sülh istəyirlər! Bu sülhün və təhlükəsizliyin qarantı və təminatı regionda dominant və söz sahibi olan Azərbaycandır. Azərbaycanın bu siyasətinə dəstək və maraq da məhz bununla bağlıdır. Nikol Paşinyan və onun ətrafı artıq anlamalıdır ki, onun çürük demokratiya oyunları belə bir qlobal layihə qarşısında zərrə qədər əhəmiyyət kəsb eləmir. Onsuz da, dünyadakı güclərin bütün oyunları daim nəhəng iqtisadi maraqlara xidmət edib və bu gün də bu belədir!

Dünyada baş verənlərin fonunda elə Ermənistanın özü qədər cılız görünən bu oyunların müəllifi Paşinyan özünün taleyi və müqəddəratı ilə bağlı bir vacib məqamı da unutmamalıdır! Keçən il ölkədəki erkən parlament seçkiləri ərəfəsində elə hazırki revanşist quvvələr tərəfindən keçirilən mitinqlərə Paşinyanın müharibəni istəməyən və sülhə hazır olan çoxsaylı kütlələri meydanlara çağırmaqla cavab verib, onların səsini boğmasını kimsə unutmayıb. Sadəcə o zaman hakimiyyətdə qalması məsələsi həll olunan Paşinyan onu bilməlidir ki, həmin seçkilərdə iştirak edən kütlə onu deyil sülhü dəstəklədi, seçkilərdəki səsləri ilə ona hə deyil, revanşistlərə yox dedi!

Və ən nəhayət, Ermənistanın Baş naziri olan Nikol Paşinyan bilməlidir ki, 44 günlük müharibədəki biabırçı məğlubiyyət aktına onun imza atmasından asılı olmayaraq o məğlubiyyətin məsuliyyətini bütün Ermənistan və xüsusilə də onların Qarabağ klanı daşıdığı kimi, 10 noyabr 2020-ci ildən sonra regionda sülhə və Sülh sazişinin imzalanmasına təhdid istiqamətində baş verən bütün addımlara görə şəxsən o və yaxın ətrafı daşıyacaq!

Xəyal Bəşirov,

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi.