Paytaxtda baş verən cinayətin üstü açıldı

paytaxtda-bas-veren-cinayetin-ustu-acildi
Oxunma sayı: 643

Baş Prokurorluğun mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, mayın 30-da saat 02:30 radələrində Səbail rayonu ərazisində yerləşən və ictimaiyyət arasında “Qırx pilləkən” adlandırılan yerdə Bakı şəhər sakini Natiq Həsənovun üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib. Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

“İsti izlər"lə müəyyən edilib ki, mərhum Natiq Həsənov həmin gün tanışı, Rusiya Federasiyasının vətəndaşı, tüfeyli həyat tərzi keçirən, əvvəllər məhkum edilmiş Oleq Borisovets, Bakı şəhər sakinləri Rəşadət Həsənov, Fərid Xasməmmədov və Bahadur adlı şəxs ilə birlikdə spirtli içki qəbul ediblər. Daha sonra Oleq Borisovets Rəşadət Nəsənovla əlbir olaraq mübahisə zəminində Natiq Həsənova çoxsaylı zərbələr endirərək onu qəsdən öldürüblər.

Aparılan təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən Oleq Borisovets və Rəşadət Həsənov yaxalanıb. Onlar ilkin ifadələrində törətdikləri cinayət əməlini etiraf ediblər. Hazırda cinayətin digər iştirakçılarının da tutulması istiqamətində tədbirlər davam etdirilir.