Paytaxtda Britaniya layihəsinin tətbiqi davam edir - Fotolar

paytaxtda-britaniya-layihesinin-tetbiqi-davam-edir
Oxunma sayı: 1662

Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən Böyük Britaniyanın Mott MacDonald şirkəti ilə birgə hazırlanmış bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi ilə bağlı layihənin icrası artıq üçünci ildir ki, uğurla həyata keçirilir.

 “Qafqazinfo” xəbər verir ki, ilk öncə pilot layihə kimi Nərimanov rayonunda başlanan layihənin yüksək səviyyədə icrası nəticəsində xeyli irəliləyişlər əldə olunduğundan müqavilə şərtlərinə uyğun olaraq bu il mərhələli şəkildə daha 3 paytaxt rayonu – Nizami, Nəsimi və Yasamal rayonları da bu layihəyə qoşulub. 

Layihənin tədbiqinə hazırlıqla bağlı hər 3 rayonda tələbata uyğun miqdarda - 1226 konteyner meydançası yaradılib, meydançalara 2 rəngdə müasir konteynerlər quraşdırılıb.

Sakinlərin rahatlığı üçün hər bir rayonda ilkin mərhələdə Bakı Şəhər və Rayon İcra Hakimiyyətlərinin əməkdaşları, bələdiyyə, təsərrüfat xidmətləri, gənclər və “Regional İnkişaf” İctimai Birliyinin könüllülər bu işlərə cəlb edilib, geniş maarifləndirici işlər aparılıb.

Görülən hazırlıq tədbirlərin və təbliğat işlərinin nəticəsi kimi layihənin icrasina may ayında başlanılan Yasamal rayonunda artıq ilkin müsbət nəticələr əldə edilib. Belə ki, əgər Nərimanov rayonunda layihənin tətbiqinin ilk günündə çeşidlənmiş tullantının həcmi bir gündə 4 ton, sonradan isə tədricən 6 və 8 ton olmuşdusa, Yasamal rayonunda may ayının ilk günlərdən 11 ton çeşidlənmiş tullantı yığılaraq yığım məntəqəsinə təhvil verilib. Hazırda bu rəqəm gündəlik təqribən 20-25 ton arası təşkil edir. 

Həmçinin qeyd olunub ki, ətraf mühitin çirklənmədən qorunması çox mühüm əhəmiyyət kəsb edən bu layihənin uğurla həyata keçirilməsi və paytaxt sakinlərinə göstərilən xidmətlərin səviyyəsinin daha da artırılması məqsədi ilə ölkə başçısının ayırdığı maliyyə vəsaiti hesabına Bakı şəhər kommunat təsərrüfatı xidmətləri üçün 57 ədəd kommunal təyinatlı müasir avtonəqliyyat vasitələri və mexanizmlər alınıb. Yeni texnikaların tətbiqi əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsini yüksəldərək kommunal xidmətlərin mövcud avtoparkının yeniləşməsinə böyük kömək olub.

Layihənin uğurla həyata keçirilməsi şəhərimizin təmiz saxlanılmasına, gözəlləşməsinə, ətraf mühitin və sağlamlığınızın qorunmasına, yeni ekoloji, sanitar mədəniyyətin formalaşmasına və iqtisadi səmərə əldə olunmasına xidmət edəcək.