Paytaxtda məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır

paytaxtda-mektebehazirliq-qruplarina-qeydiyyat-baslayir
Oxunma sayı: 980

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarına 2017-2018-ci dərs ili üçün uşaqların elektron qeydiyyatının başlanması ilə bağlı mətbuat konfransı keçirilib.  

“Qafqazinfo” xəbər verir ki, mətbuat konfransında BŞTİ-nin İnformasiya təminatı sektorunun müdiri İlhamə Abdullayeva, İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov və media nümayəndələri iştirak ediblər. Qeyd olunub ki, məktəbəhazırlıq qruplarına uşaqların qəbulu mektebeqebul.edu.az elektron sistemində ərizələrin onlayn qeydiyyatı aparılmaqla həyata keçiriləcək.  

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin müvafiq əmrinə əsasən, proses avqustun 1-dən sentyabrın 18-dək elektron sistemdə ərizələrin onlayn qeydiyyatı vasitəsilə aparılacaq. Məktəbəhazırlıq qruplarına məktəblərdə sənəd qəbulu isə avqustun 15-dən sentyabrın sonunadək  həyata keçiriləcək.

Məktəbəhazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması, onlarda müəyyən bilik və bacarıqların formalaşdırılmasından ibarətdir.

Bildirilib ki, növbəti tədris ilində BŞTİ-nin tabeliyindəki 266 ümumi təhsil müəssisəsində 936 məktəbəhazırlıq qrupu fəaliyyət göstərəcək. Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 2-də başlayacaq. Səkkiz ay davam edən məşğələlər mayın 31-də başa çatacaq.