Paytaxtda mövsümi ağacəkmələr davam edir - Fotolar

paytaxtda-movsumi-agacekmeler-davam-edir
Oxunma sayı: 1209

Bakı şəhərinin müxtəlif ərazilərində mövsümi ağac əkilməsi və yaşıllaşdırma işləri genış şəkildə davam edir. “Qafqazinfo” xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyindən verilən məlumata əsasən görülən işlərin əsas məqsədi paytaxt ərazisində yaşıllıq sahələrinin artırılmasıdır. Bununla əlaqədar birlik tərəfindən şəhərin yeni yaşıllıq planı hazırlanıb və işlər həmin plana uyğun aparılır.

Bildirilib ki, əkin prosesində Bakı şəhərinin iqlim şəraitinə uyğunlaşdırılmış yerli ağac növləri ilə yanaşı yeni növ enliyarpaqlı ağaclardan və xüsusi rəng çalarlarına malik olan ağcaqayın ağaclarından da istifadə olunur. Bu gün ərzində Birliyin əməkdaşları tərəfindən paytaxtın Xəzər rayonu, Qala qəsəbəsində əsas magistral yolun kənarında müxtəlif tullantılarından təmizlənmiş sahələrdə 1000-dən cox yeni ağac əkilmiş, ağacların suvarılması və onlara qulluq göstərilməsi məsələləri həll edilib.

Eyni zamanda şəhərin mərkəzində Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Yusif Səfərov və digər küçələrdə mövcud ağacların dibində qırmızı sarmaşıqlar əkilib, güllərdən müxtəlif kompozisiyalar düzəldilib. Küçə və yol kənarlarında sınmış, qurumüş, ətrafdakılar üçün təhlükə yaradan ağacların əvəzində yeni, həmin əraziyə gözəllik verəcək ağaclarla əvəz edilir.

Mövsüm ərzində Bakı şəhərində 20 mindən artıq ağacın əkilməsi nəzərdə tutulub. Təcrübəli landşaft mütəxəssisləri tərəfindən hazırlamış bu xüsusi planın həyata keçirilməsi Bakı şəhərində yaşıllıq sahəsində yeni rənglərin yaranmasına səbəb olacaq.

Paytaxtın yaşıllıq səviyyəsinin keyfiyyətcə daha yüksək səviyyəyə çatdırılması məqsədilə həyata keçirilən bu tədbirlər paytaxtın estetik görünüşünün daha da yaxşılaşdırılamasına və keyfiyyətcə yeni səviyyəyə çıxmasına imkan verəcək.