"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçukun sport7.az saytına müsahibə verib. "Qafqazinfo" həmin müsahibəni təqdim edir:
- MTK ilə cavab oyununa hazırlıq necə gedir?
- Hazırlığımız plan üzrə davam edir. Xüsusi bir yenilik yoxdu. Hər zaman olduğu kimi ciddiyətimizi qoruyuruq. Çünki bizi çətin oyun gözləyir.
- Komanda tarixində ilk dəfə olaraq səfərdə keçirilən Avroliqa matçında qalib gəldi. Maraqlıdı, səfərə sərfəli nəticə üçün getmişdiniz, yoxsa yalnız qələbə haqda düşünürdüz?
- Biz hər dəfə səfərə qələbə üçün gedirik. Başqa fikri ağlımıza da gətirmişik. Macarıstana gedəndə də fikrimiz dəyişməmişdi. Qələbə qazandıq və buna görə də çox şadıq.
- Təbii ki, oyundan əvvəl MTK-nı analiz etmişdiz. Maraqlıdı, meydanda analiz etdiyiniz rəqibi gördünüz, yoxsa tamam fərqli komandaya qarşı oynadınız?
- Çox fərq oldu. Onlar çoxgedişli kombinasiyalar etməyi yaxşı bacarır. Bundan başqa meydanda fiziki cəhətdən üstün olan komanda gördüm.
- Matçın əvvəlində "Qəbələ"nin qapısına təyin edilən penalti qola çevrilsəydi, bu, komandanın tez ruhdan düşməsi ilə nəticələnə bilərdimi?
- Ümumi götürəndə oyun təsəvvür etdiyim formada davam etdi. Mən də bilirəm ki, orada penalti yox idi. Qol olsaydı... Bilirsiz, bunlar hamısı söz-söhbətlərdi. Bir şeyi dəqiq bilirəm ki, komandam kişi kimi oyuna davam edəcəkdi. Ruhdan düşməyəcəklərinə əminəm.
- Macarıstan təmsilçisinin çalışdırıcısı 1:2 hesabı ilə məğlub olduqları qarşılaşmadan sonra "Bakıya mərhələ adlamağa gedəcəyik" deyib. Bu, nə dərəcədə real görünür?
- Bu barədə nəsə demək istəmirəm. Ümumiyyətlə, müzakirə etməyimizin mənası da yoxdu. Onun fikirlərinə də hörmətlə yanaşıram. Cavab matçından sonra hər şeyə aydınlıq gələcək.
- Yəqin ki, püşkatma mərasimini izləməmiş olmarsız...
- Təbii ki. Püşk mərasimi diqqətimizdə idi.
- Hansı rəqibi arzulayırdız ki?
- Düzü, bu barədə düşünmürdüm. Çünki bizi qarşıda çətin oyun gözləyir. Buna görə də növbəti mərhələ barədə düşünmək indidən çox tez və çətindi. MTK səddini adlaya bilsək, "Lill"i də müzakirə edərik.
- Potensial rəqiblər arasında ötən mövsüm devirdiyiniz "Panatinaikos" da var idi. Yunan təmsilçisinin bu dəfə də qarşınıza çıxması, xoş xatirələri canlandırardımı?
- Fikirləşirəm ki, "Lill" daha maraqlı rəqibdi. Bu, bizim üçün həm əla şans, həm də tarixi hadisədi. MTK səddini adlayıb, Fransa klubu ilə qarşılaşmağın özü də bizim xeyrimizdədi.
- Andrey Şevçenkonun Ukrayna millisinə baş məşqçi təyin olunmasına münasibətinizə necədi?
- Şevçenkoya millidə uğurlar və yaxşı nəticələr arzulayıram. Ukrayna futbol ölkəsidi. Buna görə də ən yüksək nəticələri qazanacağına inanıram.
- Olan olub, keçən keçib. Millinin baş məşqçisi də, sizin "Qəbələ"də qaldığınız da bəllidi. Həqiqətən də Şevçenkodan qabaq Ukrayna millisində baş məşqçi olmağınız üçün sizə təklif gəlmişdi?
- Belə suallara cavab verməkdən qaçıram. Çünki mövcud olan məsələlərdən danışmağı sevirəm. Hər zaman real məsələlərdən danışmaq lazımdı. Buna görə də yenə bu sualdan yayınacam.
Son xəbərlər
Son Xəbərlər