Pərvanə İbrahimova ərəb mediasında ermənilərin məscidlərimizi təhqir etməsindən yazdı

pervane-ibrahimova-ereb-mediasinda-ermenilerin-mescidlerimizi-tehqir-etmesinden-yazdi
Oxunma sayı: 1425

Jurnalist Pərvanə İbrahimovanın Misirin nüfuzlu “Nilenews” və Əlcəzairin “Əl Hərir” portallarında “Ermənilər tərəfindən Azərbaycan məscidlərinin murdarlanması mədəni irsə barbar münasibətdir” sərlövhəli geniş məqaləsi dərc olunub.

"Qafqazinfo" xəbər verir ki, məqalədə 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ ərazisi və onun ətrafındakı 7 rayonun işğal edilməsi faktına diqqət çəkilir, Azərbaycan ərazisinin 20 faizinin itirilməsi, qaçqınların və məcburi köçkünlərin sayının 1 mln. nəfəri keçməsi qeyd olunur.

44 günlük Vətən Müharibəsində Azərbaycanın təkcə hərbi sahədə deyil, diplomatik arenada və informasiya müharibəsində də birmənalı qələbə qazanmasına diqqət çəkən müəllif Prezident İlham Əliyevin dünyanın əsas informasiya resurslarına, nəhəng media korporasiyalarına müsahibələri, bəzən qərəzli, birtərəfli mövqe əks etdirən suallara təmkin, səbr nümayiş etdirərək tarixi fakt və dəlillərə söykənmiş cavabları ilə ölkəmizin haqq səsini bir daha bütün dünyaya nümayiş etdirməsini xüsusi olaraq vurğulayır.

Həmçinin qeyd edilir ki, erməni qəsbkarları Qarabağda bütün tarixi, mədəni, dini abidələri - məscidlər, türbələr, qəbiristanlıqlar, məzarüstü abidələri məhv edib, Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 müsəlman məscidini dağıdaraq yararsız hala salıb, içərisində ev heyvanları, o cümlədən donuz saxlanılıb ki, bu da Ermənistanın bəşəri dəyərlərə olan mənfi münasibəti ilə yanaşı, xalqımızın, bütövlükdə müsəlman dünyasının dini dəyərlərinə hörmətsizlik, 1954-cü ildə Haaqada qəbul edilmiş “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında Konvensiya”ya ziddir.

Müəllif qeyd edir ki, Prezident İlham Əliyev və ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyeva Ağdam məscidinin düşmən tərəfindən vəhşicəsinə dağıdılmasını, təhqir edilməsini böyük üzüntü ilə seyr edib, dövlət başçısı Məkkədən gətirdiyi “Qurani-Kərim”i Ağdam məscidinə bağışlayaraq bu torpaqlara Azərbaycan xalqının, onun şəhidlərinin canı, qanı bahasına, qəhrəmanlarının şücaəti hesabına dönməyin mümkün olduğunu vurğulayıb: “Mən xoşbəxt adamam ki, dörd dəfə Məkkə ziyarətində olmuşam. Bir dəfə rəhmətlik atamla, üç dəfə isə Prezident kimi. Xoşbəxtəm ki, mən ailə üzvlərimlə bərabər müqəddəs Kəbənin içində dualar etmişəm. Hər bir insanın ürəyində nə varsa, mənim ürəyimdə də eyni duyğulardır. Etdiyim duaların arasında birinci duam torpaqlarımızın işğaldan azad edilməsi idi”.