Pərvin Kərimzadə seçicilərinə çağırış edib - Video+Fotolar

pervin-kerimzade-secicilerine-cagiris-edib
Oxunma sayı: 1221

Gəncə 37 saylı Nizami I seçki dairəsindən deputatlığa namizəd Pərvin Kərimzadənin seçicilərlə görüşləri davam edir. 

“Qafqazinfo” xəbər verir ki, növbəti görüş ağsaqqallar, ziyalılar, Qarabağ və Əfqanıstan müharibəsi veteranlarının, seçki dairəsini əhatə edən ərazidə məskunlaşan məcburi köçkünlərin, gənclərin, ictimaiyyət nümayəndələrinin və sakinlərin iştirakı ilə keçirilib. 

Tədbiri açan təbliğat qrupunun üzvü, Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev partiyanın parlament seçkilərinə böyük inamla getdiyini, bu seçkilərdə qələbə qazanacaqlarına əmin olduğunu bildirib. 

O, Pərvin Kərimzadənin tərcümeyi-halı, elmi-siyasi fəaliyyəti, ötən 5 ilə yaxın müddət ərzində millət vəkili kimi gördüyü işlər haqqında ətraflı məlumat verib: "Gəncə 37 saylı Nizami I seçki dairəsindən seçki deputatlığa namizədin növbəti dəfə Pərvin Kərimzadənin olması Yeni Azərbaycan Partiyasının ona olan etimadının nümunəsidir".

Görüşdə çıxış edən məcburi köçkünlər, Qarabağ müharibəsi veteranları, Əfqanıstan müharibəsi veteranları, sakinlər namizədə uğurlar diləyib, parlament seçkilərində YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.

Aprel şəhidi kapitan İnqilab Quliyevin atası Çingiz Quliyev çıxış edərək Yeni Azərbaycan Partiyasının namizədlərinin arxasında nəhəng siyasi gücün, 750 minə yaxın insanın siyasi iradəsinin dayandığını qeyd edib, qarşıdan gələn növbədənkənar parlament seçkilərində seçicilərin birmənalı olaraq səslərini hakim partiyanı təmsil edən namizədlərə verəcəklərini bildirib.

Pərvin Kərimzadə görüşə qatılan seçicilərə təşəkkür edib və V çağırış Milli Məclisin deputatı kimi fəaliyyətindən, qarşıda duran vəzifələrdən danışıb. O, seçicilərini inkişafa, yeniliyə, ictimai-siyasi sabitliyə - daha güclü Azərbaycan naminə Yeni Azərbaycan Partiyasına və onun namizədlərinə səs verməyə çağırıb.