Peşəkar oğru tutuldu

pesekar-ogru-tutuldu
Oxunma sayı: 767

Martın 18-də Zığ yolu küçəsində Bakı şəhər sakini Aslan Ağakərimov “Hyundai” markalı avtomobili idarəetməni itirməsi nəticəsində hasara vurulub. Nəticədə, özü və sərnişini Alek Fedosiyev hadisə yerində ölüb.

Qaradağ RPİ NMB və 11-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gürcüstan Respublikası vətəndaşı Zaur Xəlilovdan 3 kiloqramdan artıq narkotik vasitə olan marixuana aşkar edilib.

Martın 17-də Yeni Günəşli qəsəbəsində Bakı şəhər sakinləri Mahir Hüseynov və Rauf Ağazadənin idarə etdikləri “VAZ-2107” markalı avtomobillər toqquşublar. Nəticədə, R.Ağazadənin sərnişini Şamil Xudaverdiyev 3 saylı xəstəxanaya daxil olub və orada ölüb.

Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Elçin Əliyev tutulub.

Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, Bakı şəhər sakini Kamran Muradov martın 17-də yaxalanıb. Müəyyən edilib ki, K.Muradov 2011-ci il iyulun 1-də Bünyatov küçəsində yaşayan Hakim Namazovun evindən açar seçmə yolu ilə 1500 manat dəyərində qızıl-zinət əşyaları, sentyabrın 7-nə keçən gecə Sabunçu qəsəbə sakini Nurəddin Səlimovun evindən pəncərənin dəmir barmaqlıqlarını kəsmə yolu ilə mobil telefon və qızıl-zinət əşyaları, oktyabrın 4-də Ramana qəsəbəsində yaşayan Nizami İsmayılovun evindən pənəcərədən keçmə yolu ilə 200 manat, eyni ünvanda yaşayan qardaşı Siyafət İsmayılovun evindən isə DVD və 1000 manat dəyərində qızılzinət əşyaları, bir ay sonra Sabunçu qəsəbəsi Y.Saratov küçəsində yaşayan Rəşad qasımovun evindən açar seçmə yolu ilə 1600 manat və gümüş əşyaları, dekabrın 8-nə keçən gecə isə Sabunçu qəsəbəsi Elnarə Məmmədovanın evindən pənəcərədən keçmə yolu ilə 1800 manat və qızıl-zinət əşyaları oğurlayıb. K.Muradov bu ilin fevral və mart aylarında da oğurluq planını həyata keçirib. O, fevralın 9-da Q.Vəzirov küçəsində yaşayan Araz Qaralovun evindən pəncərəni sındırma yolu ilə qızıl-zinət əşyalırı və məişət əşyaları, fevralın 21-də Balaxanı qəsəbəsində yaşayan İlqar Abdullayevin evindən pəncərənin dəmir barmaqlıqlarını sındırma yolu ilə gödəkçə, fevralın 19-dan 26-dək olan müddətdə Mədən küçəsində yaşayan Sədaqət Paşayevanın evindən pəncərənin dəmir barmaqlıqlarını sındırma yolu ilə televizor, noutbuk və modem, martın 7-də E.Mehdiyev küçəsində yaşayan Füzuli Cəlilovun evindən pəncərədən keçmə yolu ilə 600 manat və 7800 ABŞ dolları, martın 3-də isə İİR vətəndaşı Hümən Fərzanəyə məxsus, E.Mehdiyev küçəsində yerləşən fabrikdən pəncərədən keçmə yolu ilə 6 ədəd kompyuter oğurlayıb.

Martın 17-də Təbriz küçəsində yerləşən parkda Bakı şəhər sakini Emin Vəliyev bıçaq xəsarətləri ilə KTM-ya yerləşdirilib. Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən, Bakı şəhər sakini Ağamehdi Əliyev martın 17-də tutulub.

Yanvarın 9-da Ş.Bədəlov küçəsində yerləşən mağazada Fuad Niftəliyevin mobil telefonunu oğurlayan Gəncə şəhər sakini Malik Əliyev Nəsimi RPİ 22-ci PB-nin əməkdaşları tərəfindən tutulmuşdur. Müəyyən edilmişdir ki, o, yanvarın 16-da M.Qaşqay küçəsində yerləşən mağazadan Svetlana Əliyevanın da mobil telefonunu oğurlayıb.

Xətai RPİ CAŞ və 34-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində AR CM-in 29, 177-ci (oğurluğa cəhd) maddəsi ilə axtarışda olan Səyid Məmmədzadə tutulub.

Xətai CAŞ və 34-cü PB-nin əməkdaşları martın 17-də Bakı şəhər sakinləri Elməddin Sadıqov və Aqil Alıyevin Sarayev küçəsində yerləşən çay evində qumar oyunu təşkil etməsini aşkar ediblər.