Pilotsuz təyyarə kimin idi?

pilotsuz-teyyare-kimin-idi
Oxunma sayı: 1675


 “Qafqazinfo” həmin yazını təqdim edir:

Avqustun 23-də İran səmasında, “Natanz” nüvə mərkəzi üzərində İsrailə məxsus pilotsuz kəşfiyyatçı təyyarənin vurulması ilk növbədə bu sualı gündəmə gətirdi ki, bu təyyarə hansı ölkədən havaya qalxıb? Çünki, bu təyyarənin İsraildən qalxaraq İran səmasına yetişməsi problematik idi. 

İsrail kəşfiyyatına bağlı olan “Debkafile” saytı pilotsuz təyyarənin Azərbaycana məxsus olduğunu və Naxçıvandan havaya qalxdığını yazdı. Bəzi israilli və qərbli jurnalistlər də pilotsuz təyyarənin Azərbaycandan havaya qalxdığına və bunun Dağlıq Qarabağ səmasında vurulan pilotsuz təyyarəyə bənzədiyini yazdılar. 

Azərbaycan pilotsuz təyyarə istehsal etmir, bu tip təyyarələri İsraildən alır. Buna baxmayaraq, İran səmasında vurulan təyyarənin Azərbaycandan havaya qalxması versiyası inandırıcı deyil. Azərbaycan həmin təyyarələri Dağlıq Qarabağ səmasını nəzarətdə saxlamaq üçün alıb, İran üçün deyil.

Birincisi, Azərbaycanın İranı nüvə obyektləri haqqında məlumat toplamaq kimi problemi  yoxdur. Bu daha çox ABŞ və İsraili maraqlandırır. “Natanz” nüvə mərkəzi haqqında məlumat toplamaq və pilotsuz təyyarı vasitəsilə həmin mərkəzin şəkillərini çəkmək Azərbaycana lazım deyil. 

İkincisi, rəsmi Bakı onsuz da İranla münasibətlərdə ehtiyatlıdır, Qərbin İrana qarşı planlarında yer almır. Bir neçə il öncə ABŞ və İsrail İran nüvə obyektlərinə qarşı hava zərbələri endirəcəyini açıqladıqda, rəsmi Bakı bu planlarda yer almayacağını qətiyyətlə vurğulamışdı. Digər tərəfdən Azərbaycan prezidenti İlham Əliyev İranın yeni dövlət başçısı Həsən Ruhani ilə əməkdaşlqda maraqlıdır, qarşılıqlı səfərlərin sayı artıb. Belə olan halda Azərbaycan İran səmasına niyə pilotsuz təyyarə göndərməlidir ki? 

Heç iranlı rəsmilər də Azərbaycanın adını çəkmirlər. Çünki onlar da anlayırlar ki, rəsmi Bakı bu cür risqli oyuna getməz. Digər tərəfdən İsrailin və ABŞ-ın Azərbaycanda hərbi bazaları da yoxdur ki, buradan İran səmasına pilotsuz təyyarı buraxsınlar. 

Bütün hallarda İsrail istehsalı olan pilotsuz təyyarənin İrana qonşu ərazidən havaya qalxdığı aydındır. Əgər bu Azərbaycan deyilsə, İrana qanşu olan bir başqa dövlətdir. İki variant mümkündür.

Birinci variant: Pilotsuz təyyarə Ermənistan və ya Dağlıq Qarabağ səması üzərindən İrana qaldırılıb. Məqsəd Qərb və İsraildəki erməni lobbisinə yaxın dairələrin vasitəsilə Azərbaycanın adının hallandırılmasına nail olmaqla İran-Azərbaycan münasibətlərini gərginləşdirməkdir.  

İkinci variant: İsrailə məxsus pilotsuz təyyarə Şimali İraqdan havaya qaldırıla bilərdi. İraqın şimalındakı kürd qruplaşmaların liderləriylə İsrailin illərdir çox sıx münasibətləri var. İsrail həmin kürdlərə dəstək verir, oradan isə kəşfiyyat məlumatları əldə edir. Təsadüfi deyil ki, İraq və Şam İslam Sövləti (İŞİD) İraqa müdaxilə etdikdə İsrail rəsmiləri Şimali İraq kürdlərinin “müstəqilliyini” tanıyacaq ilk ölkə kimi açıqlama verdilər. Ona görə də İsrailin pilotsuz təyyarəsini məhz İraqın şimalından İranın səmasına göndərdiyi də istisna deyil.

Başqa bir sual da aktuallaşır: İsraildə bəzi dairələr pilotsuz təyyarənin niyə məhz Azərbaycandan qaldırılmasına iddia etdilər? Axı bu İran-Azərbaycan münasibətlərini gərginləşdirə bilərdi. Doğrudur, İsraildə bəziləri Azərbaycanla İran arasında əməkdaşlıqda maraqlı olmaya bilər, ancaq bu Tehranla Bakı arasında strateji münasibətlərin formalaşması onsuz da mümkün deyil. Birincisi, Tehran Dağlıq Qarabağ məsələsində neytral mövqe tutur ki, bu Azərbaycan siyasi dairlərinin və cəmiyyətinin xoşuna bəlmir, ikincisi İranda yaşayan azərbaycanlıların sıxışdırılması da münasibətlərin strateji xarakter almasına mane olur. 

Əksinə, İsraildəki bəzi dairələrin Azərbaycan-İran münasibətlərini daha da gərginləşdirmək istəyi Bakıda mənfi qarşılandığından bu İsrail-Azərbaycan münasibətlərinə mənfi təsir edə bilər. Bu isə ilk növbədə İsrailin maraqlarına cavab verməməlidir.