Piyada zolağı silinib, maşınlar yol vermir

piyada-zolagi-silinib-masinlar-yol-vermir
Oxunma sayı: 1582

“20-ci sahə dairəsindən, "Favorit" marketin yanından keçən yolda piyada zolağının rəngi pozulduğundan piyadalar yolu keçən zaman təhlükəli vəziyyət yaranır”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri jurnalist Xaqani Səfəroğlu sosial şəbəkədə yazıb. Bildirib ki, avtomobil sürücüləri bu zolaqları görmədikləri üçün yoldan sürətlə ötüb keçirlər: “Bibiheybət yolu çökdükdən sonra bütün hərəkət bu yolla edilir. Nəticədə yolu keçmək çox çətinləşib. Maşınlar hərəkət üçün ciddi təhlükə yaradırlar”.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məsələ ilə bağlı bildirib ki, eynisəviyyəli piyada keçidlərin bərpası işi mütəmadi olaraq aparılır: “Həm daxil olan vətəndaş müraciətləri əsasında, həm öz əməkdaşlarımızın apardığı monitorinqlər əsasında, həm də KİV-dən və sosial şəbəkədən daxil olan müraciətlər əsasında bərpa işləri aparılır. Bu ünvanda da mütləq bərpa işləri aparılacaq”.

Günel Hacı