Piyadanı vurub qaçan “MAN” sürücüsü saxlanıldı

piyadani-vurub-qacan-man-surucusu-saxlanildi
Oxunma sayı: 864

Hacıqabulda piyadanı vurub hadisə yerindən qaçan şəxs saxlanılıb.

Baş Prokurorluqdan “Qafqazinfo”ya verilən məlumata görə, yanvarın 28-də saat 02 radələrində Bakı-Qazax yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində Qaradağ rayon sakini 1987-ci il təvəllüdlü Orxan Güləliyev idarə etdiyi “MAN” markalı 99-JK-244 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yolu keçən piyada – 1982-ci il təvəllüdlü Adil Kərimovu vurub və qəza nəticəsində A.Kərimov aldığı xəsarətlərdən hadisə yerində vəfat edib, sürücü isə hadisə yerindən qaçıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və  264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin olunub və digər zəruri istintaq hərəkətləri aparılıb. Sürücü O.Güləliyev şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.