Piyadanı vurub qaçan sərxoş sürücü saxlanıldı

piyadani-vurub-qacan-serxos-surucu-saxlanildi
Oxunma sayı: 1253

Səbail rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi törədib hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib. 

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan “Qafqazinfo”ya daxil olan birgə məlumata görə, yanvarın 27-də paytaxtın Səbail rayonu ərazisində 1980-cı il təvəllüdlü Bəxtiyar Əliyev sərxoş halda idarə etdiyi  “Mercedes C 200” markalı, 99-RD-120 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçmək istəyən piyada 1939-cu il təvəllüdlü Əhmədov Zahid Məhəmməd oğlunu vurub.

 Z.Əhmədov hadisə yerində ölüb və sürücü B.Əliyev isə hadisə yerindən qaçıb.

Faktla bağlı rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin  263-1.3 (sərxoş halda yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

B.Əliyev yanvarın 28-də şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib. Bəxtiyar Əliyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.