Abşeron rayon Polis İdarəsi və prokurorluğunun əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq insan ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücü müəyyən edilərək istintaqa cəlb olunub.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya daxil olan birgə məlumata görə, aprelin 6-da Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev küçəsində naməlum avtomobilin sürücüsü yolun kənarı ilə hərəkət edən piyada 1987-ci il təvəllüdlü Faiq Həsənovu vuraraq qaçıb, F.Həsənov isə aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.
Aparılmış istintaqla hadisənin Müşfiq Həsənov tərəfindən “Hyundai Elantra” markalı avtomobillə törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Aprelin 9-da M.Həsənova Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Son xəbərlər
Son Xəbərlər