Polad Bülbüloğlunun heykəli

polad-bulbuloglunun-heykeli
Oxunma sayı: 7367

Raminə Eyvazqızı

Polad müəllim Rusiyaya köçüb gedəndə ondan rusiyalı azərbaycanlı olmasını gözləyirdik. Amma o getdikcə azərbaycanlı rusa çevrilməyə doğru getdi. Oturub durduğu ruslar onu Qarabağ, Bülbül ocağından uzaqlaşdırmağa çalışdılar, deyəsən cəhdləri alınmaqdadır.

Hərdən alovlu, mənafeyimizə uyğun cümlələrini eşidirik. Amma bu hadisə ildə bir və ya heç dəfə olur. Ürəyinin sözünü dediyi mikrofonlar da Rusiyanın çox izlənilməyən, dinlənilməyən media nümunələridir. Polad müəllim sağolsun, Rusiyanın milyonçu, milyarderlərinin nəvə, oğul-qızının toylarında canla- başla iştirak edir. Yox, demirəm ki, toy müğənnisidir, bir ağız oxuyub, gözə görünür, baxmayın yenə adımızdan xeyir-dua verir "yekə qardaş"ın balalarına.

Səfir kimi 10 ildən çox fəaliyyətində Polad müəllim diplomatiyasını çiçəkləndirə bilməyib. Diplomatiya musiqi zumzumə etməklə olmurmuş. Bu kişinin ifalarına heyranlıqla baxanlardanam. Gözəl bəstəkar, yaradıcı, istedadlı müğənnidir. Demirik ki, yad ellərdə müğənnilik fəaliyyətini dondursun, bu bir ehtiyacdır. Amma onun səsi, ifası rus qulağına xoş getdiyi kimi, biz də ondan sanballı mənafeyici çıxışlar gözləyirik. Bəs Polad müəllim neyləyir?

Bu gün Polad müəllim 25 gündür erməni əlində olan şəhidimizin nəşinin geri alınması üçün bir cümlə də sərf etmir. Əvəzində Londonda yenə rus milyarderin nəvəsi toyunda Antonio Banderasla fotopoz verir. Qarabağımızda rus oliqarxlarının da yaxşı ev-eşiyi var. Bunu Polad müəllim də bilir. Əvvəllər tez-tez hirsindən coşub daşan Polad müəllim erməni ilə xarıbülbülün, atası Bülbülün Vətəninin davasını edirdi. Bəs indi bir azərbaycanlı balasının vətəndaş kimi mövqeyinə niyə hörmətlə yanaşmadı. Lavrova "işğal olunmuş ərazi" sözünü deditdirən jurnalistə dəstək vermək əvəzinə, tənqid etdi. Həmkarımın sualının qoyuluşunda yalnış vardı, amma Polad müəllim, xalqın övladını məlum düşmən qarşısında belə əritməzlər. Heç Polad da belə əriməməli idi. Hörmətli səfirimiz bizi küsdürməyin!

Rusiyada yaşayan azərbaycanlıların bir qrupu narazılıq edir. Səfirlik binası qarşıısnda öz soydaşlarını şübhə ilə qarşılayan necə azərbaycanlı ola bilər? 20 yanvar faciə qurbanlarını, erməni terrorundan əziyyət çəkən insanları kiçik səfirlik zalında yad etməzlər! Özümüz deyib, özümüz eşidən dövr çoxdan bitib. Polad müəllim Rusiya TV kanallarında doğum günündə görünür, o da yada düşsə. Siyasi-ictimai verilişlərdə heç səsi gəlmir. Hazırda səfirliyimizin internet səhifəsinə daxil olanda görürük ki, son xəbər (hər ay iki-üç xəbər qoyulur, ya qoyulmur) ötən ilə aiddir. Belə çıxır ki, o boyda səfirlik 2017-ci ildə fəaliyyətə başlamayıb. 20 yanvarın 27 illiyini də unudub!

Keçən ilin aprelində səfirimizin Rusiya Rəssamlıq Akademiyasında bürünc heykəli ucaldıldı. Bizdə heykəl dünyadan köçmüşə qoyurlar. Polad müəllimin hörməti o qədər çoxdur ki, bunu ediblər. Lap artıq olsun, qürurvericidir. Sağkən heykəlini ucaldan ölkəyə də borclu qalır adam. Təki heykəliniz qəlbimizdə ucalsın, Polad Müəllim! Qiymətlimizsiz!