Aprelin 22-i saat 22:30 radələrində, Maştağa qəsəbəsi Nizami küçəsində qəsəbə sakini Nadir Məlikovun bıçaqla qətlə yetirilmiş meyiti aşkar edilib. Sabunçu RPİ CAŞ və 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, qətli törədən qəsəbə sakini Azəri Mirzəyev yaxalanıb.
Aprelin 22-də Sabunçu qəsəbəsi Musabəyov küçəsində qəsəbə sakinləri Pərviz Murtuzov münaqişə zəminində Seymur Hüseynova bıçaq xəsarəti yetirdiyinə görə Sabunçu RPİ 12-ci PB-nin əməkdaşları tərəfindən tutulub.
Aprelin 22-də Ə.Əhmədov küçəsində Ucar rayon sakini Ağamirzə Soltanov mübahisə zəminində Bakı şəhər sakini Ramiz Soltanova bıçaq xəsarəti yetirdiyinə görə Yasamal RPİ 29-cu PB-nin əməkdaşları tərəfindən tutulub.
Aprelin 22-də Səbail rayonu A.Quliyev küçəsində Bakı şəhər sakinləri 1987-ci il təvəllüdlü Elnur Axundov idarə etdiyi «Mercedes» markalı avtomobillə 1957-ci il təvəllüdlü Valeriy Xatayevi vurub və o, aldığı xəsarətlər nəticəsində aprelin 23-də KTM-da ölüb.
Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Vahid Eminov və Sakit Həsənov tutulublar. Araşdırma zamanı müəyyən edilib ki, onlar martın 7-də Rəksanə Mahmudovaya məxsus Mərdəkan qəsəbəsi yeni yaşayış sahəsində yerləşən yarımtikilidən tikinti materialları, martın 25-dən aprelin 20-dək olan müddətdə həmin qəsəbədə Fuad Həsənova məxsus bağ evindən tikinti materialları, su çəni, qaz balonu, aprelin 5-dən 20-dək olan müddətdə Şağan qəsəbəsində Murad Yaqubova məxsus bağ evindən qapı, aprelin 13-dən 20-dək olan müddətdə həmin qəsəbədə Əbdüləli Əliyevə məxsus bağ evindən qapı oğurlayıb.
Yanvarın 26-da Sabunçu qəsəbəsi Natəvan küçəsində yaşayan İmamyar Tağıyevin evindən su qızdırıcısı, 5 ədəd radiator və təmir alətləri oğurlanıb. Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Qəmbər Həsənov tutulub.
Yasamal RPİ 29-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Ələmdar Əliyev tutulub.