“Polis orqanlarında kadrların 25 faizi qadınlardan ibarət olmalıdır”

polis-orqanlarinda-kadrlarin-25-faizi-qadinlardan-ibaret-olmalidir
Oxunma sayı: 1882


Ümid Partiyası Qadınlar Təşkilatına yeni sədr seçilmiş Səidə Bahadurqızı ictimai-siyasi fəaliyyəti, Qadınlar Təşkilatında görəcəyi işlər və təşkilatın planları ilə bağlı partiyanın Mətbuat Xidmətinə müsahibə verib. “Qafqazinfo” müsahibəni oxuculara təqdim edir:

Qadınlar Təşkilatının Sədri seçilməmişdən öncə partiyada hansı vəzifə daşımısınız və Qadınlar Təşkilatının Sədri kimi qarşınızda hansı yeni vəzifələr durur?

Mən partiyaya 2007-ci ildə üzv olmuşam. Daha sonra partiyanın Ali Məclisinə və Qadınlar Təşkilatının İdarə Heyətinə üzv seçilmişəm. Partiyanın seçki və təbliğat işlərində daim fəallıq göstərmişəm. Hətta, 2009-cu ildə bələdiyyə seçkilərində Səbail rayonundan partiyanın namizədi kimi iştirak etmişəm. Partiyanın sıravi üzvü olduğum zaman qarşımda yalnız fəal üzv və partiya tədbirlərində iştirakçılıq kimi bir vəzifə dururdusa, bu gün artıq tamam fərqli yanaşmam var... Ümid ideyalarının təbliğatçısı, qadınların hüquqlarının müdafiəçisiyəm və bu partiyanın üzərimə qoyduğu böyük bir vəzifədir. Bu gün artıq Ümid partiyasının Qadınlar Təşkilatı güclü struktura malik bir təşkilatdır. Bir müxalif təşkilat üçün tədbir keçirməyin heç də asan olmadığı bir vaxt da, biz 102 nəfər nümayəndənin iştirakı ilə Qadınlar Təşkilatının IV konfransını keçirməyə nail olduq. Cəmiyyətdə qazandığımız mövqenin möhkəmlənməsi, təşkilatlanmanın dərinləşməsi, xüsusilə də gənc və intellektual qadınların partiya sıralarına cəlb olunması, sıralarımızın genişlənməsi, ictimai-siyasi təşkilatlarla əməkdaşlığın yeni formalarının tətbiq edilməsi istiqamətində ciddi addımlar atacağıq. Qadın problemlərinin həlli istiqamətində müvafiq dövlət qurumları ilə işin təşkili, eləcə də partiyanın rəhbər qurumları tərəfindən qarşımıza qoyulan vəzifələrin icrası da bir vəzifə kimi qarşımda durur. Bu ağır və olduqca məsuliyyətli bir işdir. Lakin, konfransda məni seçən qadınların partiyaya münasibəti, onların fəallığı, hər zaman yanımızda olmaları bu işin öhdəsindən gələcəyimizə əminlik yaradıb.

Bələdiyyə seçkilərində hansı formada iştirakı nəzərdə tutursunuz?

-Bələdiyyə strukturlarında qadınların təmsilçiliyi mühüm əhəmiyyət kəsb edir. Məsələn Fransada 1999-cu ildə ölkə Konstitusiyasına edilən dəyişikliyə əsasən kişi və qadın namizədlərin irəli sürməsi zamanı bərabərlik prinsipinə əsaslanması barədə norma qəbul edilib. 2008-ci ildə isə müvafiq qanuna edilən əlavəyə görə bələdiyyələrin seçkili orqanlarına qadınların seçilməsi təşviq edilir. Azərbaycanda bələdiyyə üzvlərinin təxminən üçdə birini qadınlar təşkil edir. Son seçkilərdə bələdiyyə üzvü seçilmiş qadınların sayı 26,7 faiz olub. BMT-nin Qadınlara qarşı Ayrıseçkiliyin Ləğv Edilməsi Komitəsinin rəyində bunun yetərli olmadığı, genderlə bağlı problemlərin mövcudluğu qeyd edilmiş və qadınların seçkili qurumlarda təmsilçiliyinin artırılmasının vacibliyi bildirilmişdir. Bu mənada müsbət dəyişikliklərin baş verməsi üçün biz daha fəal olmağı qərara almışıq. Təbii ki, seçkilərdə iştirakla bağlı tərəddüdlər var, inamsızlıq olduqca çoxdur, lakin bu baryeri keçmək üçün üzvlərimizlə danışıqlar aparırıq, mütəmadi görüşlər keçiririk. Birmənalı demək olar ki, sıralarımızda təmsil olunan qadınlarımız seçkilərdə kişilərdən heç də geri qalmayacaq, aktiv iştirak edəcəklər. Biz mövcudluğumuzu, varlığımızı əməlimizlə isbat etməkdə israrlıyıq.

Ölkədəki ictimai-siyasi proseslərə daha yaxından iştirak etmək üçün nə kimi planlarınız var ?

* Planlarımız, istəklərimiz, arzularımız çoxdur. Resurslarımız cəmiyyətin bütün spektrini əhatə edə bilməsə də müəyyən sosial qruplarla iş aparırıq. İnsanların siyasi aktivliyinin artırılmasına, maarifləndirilməsinə, pozulmuş hüquqlarının müdafiə edilməsinə çalışırıq. Bütün cəmiyyəti narahat edən xeyli görüləsi və həll olunmalı məsələlər var. Acı bir həqiqət var ki, insanlar dərhal, yerində həll edilməsi mümkün olan elementar məsələlərdə belə məmur biganəliyi ilə üzləşirlər. Məsələn, Bayıl qəsəbəsi Salyan yolu şosesində yaşayan bir qrup sakin mənzillərin qarşısında antisanitariya yaradan zibil qutularının götürülməsini istəyir. Lakin 149 saylı MİS və 3 saylı Departament zibil qutularının yerinin dəyişdirilməsinə səlahiyyəti çatmadığını deyir. Vətəndaşlar dərdini bizə bildirib kömək istəyir. Biz məsələnin həlli uğrunda sözün əsl mənasında uğraşırıq. Hüquqları pozulmuş insanların haqqını müdafiə edərkən bir sıra məsələlər meydana gəlib ki, onların dövlət qurumlarına təkliflər formasında göndərilməsi zərurəti yaranıb. Bu sanki bir sosial sifarişdir və işimizin qayəsindən biri olacaq. Son Prezident seçkilərində İqbal Ağazadə öz platformasında qeyd etmişdir ki, polis orqanlarında kadrların 25 faizi qadınlardan ibarət olmalıdır. O zaman deyilən bu sözlər, verilən təkliflər dəyərləndirilsəydi Azərbaycan dövlətinin daha da möhkəmlənməsinə, Azərbaycan xalqının rifahına xidmət edərdi. Leyla Yunusun, hələ bilmədiyimiz neçə-neçə qadınların saxlanılması zamanı kişi polislərin davranışları, etik normaların, milli-mənəvi dəyərlərimizin kobud şəkildə pozulduğunu göstərir. Halbu ki, dünyanın hər bir mədəni ölkəsində qadın polislər cinayət axtarışı şöbələrində, yol polisində və hətta kütləvi aksiyalar zamanı qadın iştirakçıların saxlanılması və yoxlanılmasını həyata keçirirlər. Qardaş Türkiyə dövlətində də qadınlardan ibarət xüsusi çevik polis dəstələri var. Azərbaycanda hava limanında, həbsxanalarda qadın nəzarətçiləri olsa da azlıq təşkil edir. Qadın polislər əsasən dəftərxana işində və telefona cavab verən operator qismində işləyirlər. Odur ki, polis orqanlarında qadın kvotanın müəyyənləşdirilməsi məsələsi öz həllini tapmalıdır. Ümumiyyətlə, Ümid partiyasının idarəetmə modeli barədə maraqlı proqramlarımız var. Davamlı olaraq cəmiyyətə təkliflərlə çıxış edəcəyik.