“Polis vaksinasiyaya görə məni mülki maşına otuzdurdu” - Açıqlama

polis-vaksinasiyaya-gore-meni-mulki-masina-otuzdurdu
Oxunma sayı: 3459

Ucar rayon sakini Mircəlal Məcidov polis tərəfindən koronavirus əleyhinə vaksinasiya olunmağa məcbur edildiyini iddia edir.

“Qafqazinfo”ya müraciət edən vətəndaşın sözlərinə görə, Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təzyiqlərə məruz qalıb: “Yaxınlarım, qohumlarım və özüm vaksinasiyaya məcbur edilərək basqıya məruz qalmışıq. Ucar rayonu ərazisində polis əməkdaşları qanunsuz olaraq bizi məcburi peyvənd etdirmək istəyir. İmtina etdikdə qəsdən bizə "ilişməyə" başladılar. Ucar rayonu, “Dörd yol” adlanan ərazidə yolda dayandığım vaxt mülki maşında olan polis əməkdaşı məndən vaksinasiya olunub-olunmadığımı soruşdu. “Yox” cavabı aldıqdan sonra məni məcburi maşına otuzdurub vaksin vurdurmaq üçün aparmağa cəhd etdi. Həmin polis əməkdaşı özü maşında maskasız idi və polisə yaraşmayan formada xidmət aparırdı. Vaksinasiya könüllüdür, məcburi yox”.

M.Məcidov şikayətində bildirib ki, ona təzyiq göstərən şəxs polis formasında, lakin mülki maşında olub: "Hadisəni həmin ərazidə dayanan taksi sürücüləri də gördülər. Ümumiyyətlə Ucar rayonunda bu hal birinci dəfə deyil yaşanır. Kənddə yaşayan qohumlarım polislər tərəfindən vaksinasiya olunmağa məcbur ediliblər. Məsələ ilə bağlı "102 qaynar xətti"nə və Ucar rayon Prokurorluğuna da müraciət etmişəm".

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidməti ilə əlaqə saxladıq. Xidmətin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, Ucar rayonu ərasində vaksinasiyadan keçməyən vətəndaşların məcburi qaydada vaksinasiyaya aparılması ilə bağlı iddialar həqiqəti əks etdirmir: “Polisin bununla bağlı tədbiri olmayıb. Polis əməkdaşları yalnız Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən nəzarət-profilaktiki tədbirlər həyata keçirirlər”.