Polis videosu yayılan sürücüdən rüşvət alıb? - Açıqlama

polis-videosu-yayilan-surucuden-rusvet-alib
Oxunma sayı: 2588

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə sosial şəbəkələrdə polisin vətəndaşı saxlayarkən fiziki təzyiq etməsi ilə bağlı videogörüntülər yayılıb. Məlumatda iddia olunub ki, polislər məktəblilərin gözü qarşısında vətəndaşı saxlayarkən onu döyüblər.

Yayılan görüntülərdə döyüldüyü iddia edilən Rüstəm Şükürlü  "Qafqazinfo"ya müraciət edərək bildirib ki, onu saxlayan polis əməkdaşlarından şikayətçidir:

"Mən taksi fəaliyyəti ilə məşğulam. Həmin gün yaxın qohumumun qızını məktəbə aparırdım. Daxili İşlər Nazirliyi mətbuata açıqlamasında bildirib ki, maşını üçüncü zolaqda saxlamışam. Halbuki, məktəbin qarşısında yer olmadığı üçün avtomobili ikinci zolaqda saxlamışam. Pandemiyaya görə də valideynləri məktəbə buraxmırlar. Uşağı məktəbin qarşısından götürüb maşına tərəf gələndə gördüm ki, yol polisi telefonla maşınımın şəklini çəkir. Yaxınlaşıb vəziyyəti izah etdim və bildirdim ki, çəkməsin, cəriməni ödəməyə imkanım yoxdur. Mənə dedi ki, "get, işinlə məşğul ol". Etiraz etdim ki, niyə bu tərzdə danışırsan və şəkli niyə şəxsi telefonunla çəkirsən? Dövlətin verdiyi cihazla çək, yerində protokol tərtib elə.

Polisə bildirdim ki, şəxsi telefonu ilə çəkiliş aparmasına icazəsi yoxdur, bunun üçün xüsusi avadanlıq var. Mən də telefonumu çıxarıb yol polisini çəkdim. O da rabitə ilə əlaqəyə çıxaraq Post Patrul Xidmətinin əməkdaşlarını çağırdı. Dedim, mən avtoxuliqan deyiləm, hadisə yerindən qaçmıram, PPX-yə nə ehtiyac var? Bütün bunlar şəhər təhlükəsizlik kamerasının qarşısında baş verib, görüntülər var. Xahiş edirəm ki, o görüntüləri ictimailəşdirsinlər, hamı görsün. Əlbəttə orada başımı divara vururam, çünki məni boğurdular. Bədənimdə xəsarət izləri var. Məni körpünün altında sürüyərək 60 nömrəli məktəbin qarşısındakı parkda divara dirədilər. Sonra da PPX maşını gəldi, əyləşib getdim. Müqavimət göstərən idimsə, PPX-yə də müqavimət göstərərdim".

24 milyon vergi borcu olan biznesmenin Azərbaycandan çıxışına qadağa qoyulub

Rüstəm Şükürlü iddia edir ki, onu polis bölməsinə apardıqdan sonra pul alıb buraxıblar: 

"Polis əməkdaşı açıqlama verib ki, faktla bağlı 27-ci bölmədə araşdırma aparılır. Söhbət hansı araşdırmadan gedir? Məni həmin gecə pul alıb buraxdılar. Axşam saat 11-ə işləmiş anam evdən pul gətirdikdən sonra məni sərbəst buraxdılar. Bununla bağlı əlimdə sübut var. Məndən alınan pulun məbləğini cənab nazirin qəbulunda olanda deyəcəyəm və bunu sübut edəcəyəm".

Daha sonra vətəndaş "Qafqazinfo" ilə əlaqə saxlayaraq bildirib ki, bir az əvvəl ona sabah (27 sentyabr) məhkəməyə çıxarılacağı ilə bağlı polis şöbəsindən məlumat verilib.

Yasamal Rayon Məhkəməsinin qərarına əsasən, İnzibati Xətalar Məcəlləsinin 535-ci (polisin qanuni əməlinə tabe olmama) maddəsi ilə 20 sutkalıq həbs cazası verilib.

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli “Qafqazinfo”ya açıqlamasında bildirib ki, həmin şəxsin iddiaları tamamilə əsassız və məntiqsizdir: "Polis dövlətin əsgəridir, insanlar polisinə hörmətlə yanaşmalıdırlar. İnsanların gözündən öz əsgərini salmaq olmaz. Biz gecə-gündüz sizin təhlükəsizliyinizi qoruyuruq. Hansısa ictimai davranış qaydalarını bilməyən şəxsin pulu polisə lazım deyil. Həmin şəxsin davranışlarına adekvat cavab verilib. Həmin zaman polisin hərəkətləri tam qanuni şəkildə olub. Orada hər hansı bir rüşvət almaq məsələsi ola bilməz. Onunla bağlı toplanmış materiallar məhkəməyə göndərilib və qərar çıxarılıb".

Emin Səfərov