“Polisə əllə işarə etdi və silahla binaya daxil oldu” - Video

polise-elle-isare-etdi-ve-silahla-binaya-daxil-oldu
Oxunma sayı: 7475

Xəbər verdiyimiz kimi, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktı ilə bağlı təfərrüatlar məlum olub. 

“Qafqazinfo”nun məlumatına görə, brifinqdə terror aktının yeni görüntüləri, hadisə zamanı xəsarət alan və hazırda xəstəxanada müalicə olunan səfirlik işçilərinin açıqlamaları yayımlanıb. 

Mahir İmanov bildirib ki, hadisə baş verən gün o növbəni təhvil verib: “Səfirliyin qarşısında belə hadisələr həmişə baş vermir. Ona görə də qapıya yaxınlaşıb açdım ki, nəsə reaksiya verim. Qapını bağlamaq istəyəndə həmin şəxs bizim binaya gələrək atəş açdı. Polis orada silahlı olur. Heç kimə də xəbər vermir ki, belə bir hadisə baş verir. Biz Orxan Əsgərovla tez mühafizə postuna daxil olduq ki, müqavimət göstərmək üçün nəsə götürək. O da elə ata-ata dalımızca gəlirdi. Orxan yıxıldı, atəşlərin səsi də kəsildi. Çevrilib gördüm ki, Vasif artıq onu tutub. Qalxıb Vasifə kömək etmək istəyəndə gördüm ki, sol ayağımdan güllə yarası almışam. Vasif ani olaraq hərəkət etməsəydi, orada çox böyük faciə çıxacaqdı”. 

Vasif Tağıyevin fikrincə terrorçunun məqsədi binada yaşayan hər kəsi öldürmək olub: “Həmin gün səhər xidməti təhvil aldım. Monitorlarla əraziyə nəzarət etdiyim vaxt maşının yaxınlaşdığını gördüm. Bu zaman Mahir İmanov və Orxan Əsgərov şöldən içəri daxil olurdular. Onlar maşını saxlayıb içəri girən anda qəza oldu. Maşından düşən bir nəfər polisə əllə işarə etdi və silahla binaya atəş aça-aça içəri girərək hadisə törətdi. Mən vurğulamaq istərdim ki, diplomatik polisin vəzifəsində diplomatik nümayəndənin və diplomatların toxunulmazlığı mühafizəsini təşkil etmək var. Polis oradan ona reaksiya verməyərək geri qayıdıb kabinkasında oturur. Məlumat üçün deyim ki, polis orda silahlı şəkildə olur.

Bu şəxs içəri girəndə ilk olaraq Orxan Əsgərovun kürəyindən vurur. Səfirliyimizin binası həm xidməti, həm də yaşayış binasıdır. Orada 6 ailə yaşayır. Mən və Mahir İmanov da orada yaşayırıq. Mən belə başa düşürəm ki, onun məqsədi hamını öldürmək idi. Çünki o tam hazırlıqlı gəlmişdi. Onu tutandan sonra həmin şəxs iki atış açdı. İkinci mənim çiynimdən dəydi. Özümdə güc topladım ki, bu binada ailələr, uşaqlar yaşayır. Mənə bir şey olsa da, onlara heç nə olmasın. Bacardığım qədər onu çölə atmağa, polisə təhvil verməyə çalışırdım. Fars dilində də qışqırararq polisdən kömək istəyirdim”. 

Qeyd edək ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı Səfirliyinə terror hücumu olub. Nəticədə mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.