“Polisə zəng etmək istərkən telefonu alıb başını kəsib”

polise-zeng-etmek-isterken-telefonu-alib-basini-kesib
Oxunma sayı: 1918

Bakı Ağır Cinayətlər Məhkəməsində birlikdə araq içdiyi tanışını öldürməkdə təqsirləndirilən 1964-cü il təvəllüdlü Bəxtiyar Çobanovun məhkəməsi keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Ramella Allahverdiyevanın icraatında olan prosesdə şahidlər dindirilib.

Mərhum Hikmət Babayevin qardaşı Səlim Babayev ifadə verərək deyib ki, qardaşı öldüyü gün Bəxtiyarın evinə gedib: “Sonucu dəfə telefonla Bəxtiyarla danışmışdı. Mən ona zəng etdim, görüşmək istəmədi və Hikmətdən xəbəri olmadığını dedi. Evinə gedəndə gördüm yerdə qan var. Soruşdum, Bəxtiyar toyuq kəsdiyini dedi. Yerdə çoxlu qan olduğundan bunun toyuq qanı olmadığını dedim. Onun evinin arxa tərəfinə keçmək istəyəndə icazə vermədi. Amma mən getdim və orada da qan izləri gördüm. Bəxtiyar tez həyətdən çıxıb qaçdı. Sonra polis çağırdıq, gəlib meyiti çıxartdılar, selofana bükülmüşdü. Sonradan bildik ki, qardaşım Bəxtiyarı döyüb. O da Hikməti döyərdi, daha niyə öldürürdü? Qardaşım yaralı olanda polisə zəng etmək istəyib, telefonu əlindən alıb başını kəsib”.

Məhkəmədə elan edilib ki, B.Çobanov H.Babayevə 11 bıçaq zərbəsi vurub.

Dövlət ittihamçısı çıxış edərək B.Çobanovun 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. B.Çobanovun vəkili deyib ki, H.Babayev müvəkkilini əlində boru ilə hücum edib, o da özünü müdafiə etmək üçün bıçaqlayıb: “Sonrakı zərbələri isə affect vəziyyətində vurub. Buna görə yüngül cəza verilməsini xahiş edirəm”.

Hadisə Xudat şəhərində baş verib. Bəxtiyar Çobanovun evində yeyib-içdikədən sonra aralarında yaranan münaqişə zəminində o, 1968-ci il təvəllüdlü Babayev Hikmət Zahuddin oğlunu qətlə yetirib. 

Murad Əhməd