"Avropa Parlamentinin dünən «erməni soyqırımını» tanıyan qətnamə qəbul etməsi ağlasığmazdır. Məsələ tanımaqla da bitmir. O üzv ölkələrə soyqırımı tanımağı da tövsiyyə edir. Üstəlik, rəsmi Ankaranın da faktı təsdiq etməsini və 1.5 milyon günhasız erməni öldürməsini boynuna almasını istəyir. Arxivlərin açılmasını tələb edir.
Qətnamədə ciddi qərəzin olduğu şübhəsizdir. Birinci qərəz ondan ibarətdir ki, Avropa Parlamenti arxivlərin açılmasını tələb edir. Məsələ burasındadır ki, Türkiyənin prezidenti Ərdoğan neçə illərdir ki, dünya alimlərini arxivlərində işləməyə dəvət edir və arxivin üzünün hər kəsə açıq olduğunu bəyan edir.
İkinci qərəz ondan ibarətdir ki, birbaşa 1.5 milyon erməninin öldürülməsi haqqında hökm verir. Çünki, 100 il bundan öncə baş vermiş hadisədə qurbanları saymaq çox çətindir. Digər tərəfdən, səsləndirilən statistika da fərqlidir.
Aprelin 12-də Papa Fransisk də erməni soyqırımı ifadəsini işlətmiş və onu 20-ci əsrin birinci soyqırımı adlandırmışdı. Türkiyə ictimaiyyətinin və Türkiyə rəsmilərinin, o cümlədən prezident Ərdoğanın münasibəti çox kəskin və hətta bir az da şantaj xarakterli olmuşdu. Buna yol vermək olmazdı. Zənnimcə, Türkiyənin Papaya sərt münasibəti Avropa parlamentərilərini sərt bəyanat qəbul etməyə sövq etdi. Papa Fransiskin və prezident Ərdoğanın da qətnamədə adının keçməsi də dediyimizi sübut edir.
Artıq birmənalı demək olar ki, Türkiyə-Avropa münasibətləri ciddi şəkildə zədələndi. Bəlkə də Türkiyənin Avropa Birliyi üzvlüyü məsələsi birdəfəlik qapandı. Çünki, artıqTürkiyə erməni soyqırımını tanımadan bu mümkün ola bilməz. Ola bilsin ki, Türkiyə Avropa məsələləri üzrə nazir postunu ləğv etsin.
Türkiyə Ərdoğan dönəmində üzünü Şərqə çevirməyə başlamışdı. Artıq bu dönüş ən azı 180 dərəcənin üstündə olacaq. Əlavə olaraq, Türkiyə-Rusiya münasibətləri də yeni mərhələyə qədəm qoya bilər. Türkiyə Rusiya ilə strateji müttəfiqlik qura bilər. Çox yəqin ki, bunun fonunda ABŞ-Türkiyə görüşləri intensivləşəcək və ABŞ Avropa Parlamentinin bu səhvinin apardığı qlobal siyasətə təsirini azaltmağa çalışacaq.
Bu qətnamənin Avropa-Azərbaycan münasibətlərinə də soyuqluq gətirməsi gözləniləndir. Azərbaycan da haqlı olaraq, Avropa Parlamentindən Xocalı soyqırımını tanımağı tələb edəcəkdir".
Son xəbərlər
Son Xəbərlər