“Qafqazinfo” xəbər verir ki, politoloqun fikrincə, qohumundan hakimiyyəti tənqid etdiyinə görə imtina etmək qohuma yaraşan hərəkət deyil:
“Qohumların siyasətçilərdən və ictimai fəallardan imtinasına Azərbaycanda çox şahidlik etmişik. İmtinanın yeni dalğası başlayıb. Emin Millinin və Qənimət Zahidin qohumları onlardan imtina etməyə başlayıb. Məsələyə bir neçə aspektdən yanaşmaq lazımdır.
Birincisi, qohumundan hakimiyyəti tənqid etdiyinə görə imtina etmək yaraşan hərəkət deyil. İstənilən halda, buna müsbət don geyindirmək mümkün görünmür. Qohumu tənqid etmək, mövqeyini qəbul etməmək barədə danışmaq və yazmaq olar. Sadəcə, bu qədər.
Amma, əgər qohumlar da ciddi təzyiq ilə üzləşərək və çarəsizlikdən ediblərsə o zaman bəlkə də onları da başa düşmək olar. Yəni doğurdanmı onların digər çıxış yolu olmayıb?
Emin Milli hakimiyyəti sərt tənqid edir. Amma, o xalq düşməni deyil axı. Belə görünür ki, biz də qohumlarımızı gərək təlimatlandıraq.
Amma, məsələnin ədalətli bir tərəfi də var. Emin Milli və Qənimət Zahid Avropada təhlükəsiz yaşayırlar. Siyasi təzyiq və məhrumiyyətlər yaşamırlar. Onların əvəzinə isə hakimiyyət məhrumiyyəti və həbsi onların qohumlarına yaşadır. Bax bu nə qədər ədalətlidir? Təbii ki, bu cəmiyyətin problemidir, siyasi sistemin repressiyasıdır. Amma, hər kəsin iradəsi, hər kəsin yaşayışı və baxışı eyni deyil. Qohum da olsan belə.
İki ilə yaxındır ki, Şimali Koreya ilə bağlı çox oxuyur və araşdırma aparıram. Faktlar var ki, kimsə canını qurtarı qaçır, amma onu geridə qalan qohumları həbsxanalara doldurulur və bəziləri isə güllələnir. Bir nəfər canını qurtardı, bəs geridə qalanları düşünmək lazım deyil?
Emin Milliyə münasibətim çox müsbətdir. O həbsxana həyatı da yaşayıb. Geriyə dönsə də yeri yenə də həbsxanadır. Onun qohumları ilə bağlı münasibətini hələ bilmirəm. Amma, Qənimət Zahidin münasibəti isə qıcıqvericidir. Münasibətini heç bəyənmədim və düşünmürəm ki, kimsə aydan arı, sudan durudur”.
Son xəbərlər
Son Xəbərlər