Aprelin 7-də saat 12 radələrində Şəfaət Mehdiyev küçəsi 236, mənzil 200 ünvanından N saylı hərbi hissənin maddi-texniki təminat xidmətinin artilleriya silahları bölməsinin baş zabiti, 1979-cu ildə Sumqayıt şəhərində anadan olmuş Balıyev Natiq Bəşir oğlunun asılı vəziyyətdə meyidi tapılıb. Məlum olub ki, Natiq Balıyev özünü noutbuk çantasının kəməri ilə mənzilin tavanında çilçıraq üçün nəzərdə tutulmuş qarmaqdan asıb. Hadisə vaxtı o evdə tək olub. Həyat yoldaşı və uşaqları onun atası evində olub.
Yayılan məlumatlara görə, hərbçi yoldaşları səhər işə gəlməyən Natiq Balıyevə görə narahat olublar və onun evinə gəliblər. Zabitin intihar etməsi də bundan sonra bilinib.
Dünən sözügedən ünvana baş çəkdik. Ərazidə yaşayan qonşularından öyrəndik ki, Natiq Balıyevin intihar etdiyi mənzil ona yenicə verilibmiş.
“Ona yaxın zamanlarda xidməti mənzil verilmişdi. Evini təmir etdirirdi. Yoldaşıyla gəlmişdi mənzilinə. Mənzilində işinin çox olduğunu deyib yoldaşını göndərib, ondan sonra özünü asıb”,- deyə binada yaşayan qonşuları bildirirlər.
Hərbi ekspert Üzeyir Cəfərov Hafta.az-a açıqlamasında bildirib ki, polkovnik-leytenant bu yaxınlarda müdafiə naziri Zakir Həsənovun əmri ilə vəzifəsindən kənarlaşdırılıb: “Natiq Balıyevin bu yaxınlarda həyata keçirilən həbslər və cinayətlərin axtarışı ilə bağlı heç bir yaxınlığı olmayıb. Onun ölümü başqa məsələlərlə bağlıdır. Polkovnik-leytenant Natiq Balıyev uzun müddət hərbi hava qüvvələrində çalışıb. Zakir Həsənov nazir təyin edildikdən sonra vəzifəsindən uzaqlaşdırılıb.
Müdafiə nazirinin son vaxtlar atdığı addımlar yanlış idi. Onun təcrübəli generalları və zabitləri vəzifəsindən uzaqlaşdırması heç də ürəkaçan deyil. Mən hesab edirəm ki, bu zabitin ölümündə Müdafiə Nazirliyi rəhbərliyinin də günahı var. Işdən çıxarılmağında başqa səbəblər də var. Amma qoy bunu Müdafiə Nazirliyi özü açıqlasın. Dəli deyildi ki, özünü assın. Dəli idisə, orduda saxlamazdılar. Sağlam idisə, deməli, ona qarşı hansısa addımlar atılıb ki, özünü asıb".
Olayla bağlı Müdafiə Nazirliyi məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, hadisə ilə bağlı cinayət işi başlanıb, Hərbi Prokurorluqda araşdırma aparılır.
“Müdafiə Nazirliyi bildirir ki, mərhum polkovnik-leytenant Natiq Balıyev 12.07.2013-cü il tarixində Müdafiə Nazirliyində yuxarı vəzifəyə təyin olunub, xidməti nəzərə alınaraq ona 11.01.2014-cü ildə növbəti polkovnik-leytenant hərbi rütbəsi verilib. Eyni zamanda polkovnik-leytenant Natiq Balıyev nazirlik tərəfindən 22.01.2014-cü tarixdə Bakı şəhərində 3 otaqlı xidməti mənzillə təmin edilib. Hadisə də məhz ona verilmiş xidməti mənzildə baş verib. Tarixlərdən göründüyü kimi, mərhum N.Balıyevə Müdafiə Nazirliyi diqqət və qayğı göstərib”, - deyə nazirliyin yaydığı məlumatda qeyd edilir.
Azadlıq.info