Polkovnik oğlunun bıçaqlandığı məkandan - Reportaj

polkovnik-oglunun-bicaqlandigi-mekandan
Oxunma sayı: 7359

Xəbər verdiyimiz kimi, dünən gecə saatlarında Bakıda 3 polis bıçaqlanıb. Onların arasında Daxili İşlər Nazirliyinin (DİN) Təchizat İdarəsinin rəis müavini polkovnik Əkbər Ələkbərovun oğlu  Ağaəli Ələkbərov da var.

“Qafqazinfo”nun əməkdaşları bu gün hadisə baş verən məkanda olublar.

Kafe hazırda fəaliyyət göstərməsə də, qapısı açıq olub. Sahibi Nəriman Məsimov da bir neçə yaxın adamı ilə orada idi.

Müstəntiq isə kafedə istintaq əməliyyatı apardığı üçün içəriyə daxil olmağımıza icazə vermədi.

N.Məsimov bizimlə söhbətində bildirib ki, dava edən 3 nəfəri əvvəllər tanımayıb: “Gəldilər, 15-20 dəqiqə idi oturmuşdular ki, polis içəri girdi. Bunlar arasında nə olub, dava niyə düşüb, biz bilmədik. Polislər mənə dedilər ki, daha gecdi, kafeni bağla. Təxminən saat 12 olardı, mən də kafeni bağladım. Bunları da çölə çıxartdılar. Bir az qabağa getdilər. Polis maşını kafedən təxminən 20 metr qabaqda idi. Polislər bunları maşına oturtmaq istəyəndə müqavimət göstəriblər. Ondan sonra davaları düşdü, orda da polisi bıçaqlayıb. Mənim kafemdə heç nə baş verməyib”.

“Emin” kefenin yaxınlığında yerləşən digər obyektin sahibi bizimlə söhbətində deyib ki, bu kafe Maştağa-Zabrat əhalisi arasında məşhurdur: “Bu tərəflərdə kafeni hamı tanıyır, hamı da davalara görə tanıyır. Birinci dəfə deyil ki, burda dava olur. Demək olar ki, ayda bir neçə dəfə dava düşür. Dünən gecəki davanı mən də gördüm. Onlar elə kafedə savaşırdılar, dava edə-edə çölə çıxdılar. Bıçaqlanma da çöldə olub. Amma bu kafeni niyə bağlamırlar bilmirəm”.

Qeyd edək ki, Zabrat-Maştağa yolunun üzərindəki “Emin” kafesində İlham Məmmədov adlı şəxs Daxili İşlər Nazirliyinin "102" "qaynar xətti"nə zəng edərək adı çəkilən kafenin əməkdaşlarının ona bıçaqla hücum çəkdikləri barədə məlumat verib.

Dərhal Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə yollanıb. Kafeyə yollanan polis əməkdaşları ilə müştərilər arasında dava düşüb. Nəticədə isə üç polis əməkdaşı bıçaqlanıb. Bıçaqlanan polislərdən kapitan Ağaəli Ələkbərov Daxili İşlər Nazirliyinin (DİN) Təchizat İdarəsinin rəis müavini polkovnik Əkbər Ələkbərovun oğludur.

Murad Əhməd
Foto: Nuran Məmmədov