“Qafqazinfo” xəbər verir ki, belə sensassion iddia ilə Rusiyanın Forbes nəşri çıxış edib. Nəşrin mənbəsinə istinadən yazdığına görə, Poroşenko bu təklifi fevralın 11-12-i Minsk danışıqların gedişi zamanı edib.
Mənbə bildirib ki, martın 19-u Putinlə biznesmenlər arasında baş tutan qapalı görüşdə dövlət başçısı Poroşenko ilə dialoqunun detallarını açıqlayıb:
“O, (Poroşenko. –Forbes) mənə birbaşa olaraq dedi: “Gəlin, Donbassı götürün”. Mən ona dedim: “Dəli olmusan? Mənə Donbass lazım deyil. Əgər sizə də lazım deyilsə, o zaman müstəqilliyini elan edin”.
Putinin sözlərinə görə, Poroşenko bildirib ki, Ukrayna hökuməti buna gedə bilməz. Putin isə bunun müqabilində tələb edib ki, o zaman Ukrayna Donbass əhalisinə təqaüd ödəməli, bank sistemini bərpa etməlidir.
Görüşdə iştirak edən şəxslərdən biri isə Forbes-ə açıqlamasında qeyd edib ki, Poroşenko Putindən Donbassı işğal etməyi və onu maliyyə cəhətdən təmin etməyini istəyib. Putin isə buna ancaq Donbass Rusiyanın tərkibinə keçəcəyi halda razılaşa biləcəyini əlavə edib.
Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov isə biznesmenlərlə Putin arasındakı görüşün qapalı keçirildiyini, bu səbəbdən yayılan məlumatı nə təkzib, nə də təsdiq edə biləcəyini deyib.