Postmüharibə dövründə 30 minədək şəxs sosial dəstəklə əhatə olunub

postmuharibe-dovrunde-30-minedek-sexs-sosial-destekle-ehate-olunub
Oxunma sayı: 897

Postmüharibə dövründə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, qazilər və ailə üzvləri və erməni terrorundan zərər çəkənlərdən ibarət 3 minədək ailənin 10 minədək ailə üzvünə sosial-psixoloji dəstək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) reabilitasiya müəssisələrində 1500 qaziyə reabilitasiya xidmətləri göstərilib.

Bu barədə "Qafqazinfo"ya ƏƏSMN-dən bildirilib. 

Qeyd olunub ki, son illərdə qurulan müasir reabilitasiya infrastrukturu bu sahədə mühüm baza rolunu oynamaqdadır.

Mühüm dəstək tədbirlərindən biri kimi, postmüharibə  dövründə 142 hərbçi son nəsil yüksək texnologiyalı protezlə təmin olunub. Yuxarı ətrafları amputasiya olunmuş qazilərin də yaxın günlərdə son nəsil protezlə təminatına başlanacaq. Əlavə olaraq qeyd olunan dövrdə 1-ci və 2-ci Qarabağ müharibəsi əlillərindən 1200 şəxs 8830 reabilitasiya vasitəsi, bu il əsasən qazilərdən ibarət 770 şəxs mühərrikli təkərli oturacaqla təmin edilib.

Vətən müharibəsindən sonrakı dövrdə şəhid ailələri, qazilər, erməni terrorundan zərər çəkən şəxslərdən ibarət 5320 nəfər özünüməşğulluq proqramına, 530 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilib, 1310 nəfərə işlə təmin olunmaları üçün göndəriş verilib. Şəhid ailəsi üzvləri və müharibədə yaralanmış qazilərin məşğulluğuna dəstək məqsədilə bu ilin 10 iyunundan başlanan “Məşğulluq marafonu”na artıq 518 işəgötürən qoşularaq, 2641 vakansiya təqdim edib, həmin vakansiyalar üzrə artıq 765 şəhid ailəsi üzvü və qazi işlə təmin olunub.

Şəhid ailələrinə, müharibədə yaralanmış qazilərə daha bir dəstək olaraq dövlət başçısının 25 iyun 2021-ci il tarixli Fərmanı ilə yaradılan, avqustun 23-də Bakıdakı DOST Mərkəzlərində fəaliyyətə başlayan, 7 qurum üzrə 26 xidmətin yeni innovativ müstəvidə, “bir pəncərə”dən, operativ, şəffaf şəkildə göstərildiyi Vahid Əlaqələndirmə Mərkəzlərində bu günədək müraciət edən 900-dən çox şəxsə xidmətlər göstərilib.

Eləcə də sosial dəstək paketi çərçivəsində birdəfəlik maddi yardımla, ərzaq dəstəyi ilə təminat işləri də aparılıb.

Ümumilikdə, postmüharibə dövründə hazırda da davam edən sosial dəstək tədbirləri bu günədək şəhid ailələri üzvləri, qazilər və erməni terrorundan zərər çəkənlərdən ibarət 30 minədək şəxsi əhatə edib, onlara 37 min istiqamətdə xidmət göstərilib.