Postmüharibə dövründə insan hüquqları prioritet hədəf kimi

Postmüharibə dövründə insan hüquqları prioritet hədəf kimi
Oxunma sayı: 697

“Postmüharibə dövrü haqqında, bizim atacağımız addımlar haqqında mən müharibə zamanı fikirləşirdim. Postmüharibə dövrü böyük çağırışlarla doludur və biz bunu məharətlə keçirik. Deyə bilərəm ki, postmüharibə dövrünün gündəliyini böyük dərəcədə biz tərtib edirik”.

Bu fikirləri Prezident İlham Əliyev iyulda postmüharibə dövrünün hədəfləri barədə danışarkən söyləmişdi. Dövlət başçısının sözlərindən də göründüyü kimi müharibə təkcə baş verdiyi dövrlə yekunlaşmır. Müharibədən sonrakı yaşananlar, onun doğurduğu nəticələrin düzgün şəkildə aradan qaldırılması məsələsi də ən azı müharibə dövrü qədər vacib məsələdir. Vətən Müharibəsindəki qələbədən ötən bir ildə görünən odur ki, müharibə dövründə olduğu kimi postmüharibə dövründə də Azərbaycan öz yolunda qətiyyət və konkretlik nümayiş etdirir.

Postmüharibə dövrünün hədəfləri arasında insan hüquqlarının təminatı çərçivəsində şəhid ailələri, müharibə iştirakçıları və müharibədən əziyyət çəkmiş mülki şəxslərin problemlərinin həlli prioritet məsələ olmalıdır. Düzdür, müharibədən sonra şəhid ailələrinə, qazilərə və müharibədən əziyyət çəkmiş şəxslərə dövlət tərəfindən bir sıra sosial paketlər təqdim edildi. Amma işlər təkcə bununla yekunlaşmır. Postmüharibə dövründə dövlət tərəfindən təqdim olunan dəstək paketinin 30 minə yaxın insanı əhatə edib və bu rəqəm günbəgün artmaqdadır. Müharibədən sonra şəhid ailələlərinə, hərbi xidmətdə əlil olan şəxslərə verilən təqaüdlərin məbləği artırılıb. “Vətən Müharibəsi Qəhrəmanı” adı alan şəxslərə Prezident təqaüdü təsis olunub.

2022-ci il üçün dövlət büdcəsi layihəsi sosial yönümlüdür. İnsan hüquqlarının müdafiəsinin diqqətdə saxlanılması üçün büdcədə müəyyən tədbirlər (beynəlxalq təşkilatların məlumatlandırılması, qabaqcıl təcrübənin əldə edilməsi, elektron bazanın təkmilləşdirilməsi və s.) də nəzərdə tutulub.

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Bəhruz Məhərrəmov mövzu ilə bağlı “Qafqazinfo”ya bildirib ki, insan hüquq və azadlıqlarının təminatı yalnız büdcəyə bağlı meyar deyil. Onun sözlərinə görə, insan hüquqları bütövlükdə cəmiyyətin hüquq düşüncəsindən asılıdır: “Bildiyiniz kimi, Azərbaycan ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. Eyni zamanda konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq ali niyyət, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi isə konstitusion səviyyədə dövlətin ali məqsədi kimi müəyyən olunub. Əlbəttə, bu mənada, bütün hüquqi aktlar, o cümlədən büdcə layihəsi hazırlanarkən hüquqa və haqq-ədalətə  əsaslanması və Konstitusiyaya zidd olmamasına diqqət yetirilir”.

Millət vəkili bildirib ki, bu ilki dövlət büdcəsində insan hüquqlarının təminatı ilə bağlı sahələrə xüsusi diqqət ayrılıb: “Builki büdcə layihəsinin 7.3-cü maddəsinə əsasən Məhkəmə hakimiyyəti, Prokurorluq və hüquq mühafizə fəaliyyətinə, ümumilikdə, 2 milyard 362 milyon, hüquqi yardım üçün isə 4.3 milyon manat vəsait ayrılıb. İndiki halda birinci instansiya məhkəmə aparatlarında çalışan işçilərin çox az olan maaşı fonunda həm məhkəmələrə ayrılan məbləğin artırılmasına, həm də dövlət hesabına hüquqi yardıma ayrılan vəsaitin 6 manatdan azı 12 manata qaldırılması üçün Vəkillər Kollegiyasına ayrılan vəsaitlərin artırılmasına ehtiyac var. Bundan başqa, ədalət mühakiməsində daha çox operativliyə nail olunması, məhkəmələr üçün əlavə yükə çevirilən kağız daşıyıcıda kommunikasiyanın, o cümlədən bildirişlərin elektronlaşması ilə daha səmərəli fəaliyyətə nail olmaq, mümkün subyektiv yanaşmalara yol verməmək üçün elektron məhkəmə sisteminin əhatə dairəsinin daha da genişləndirilməsinə ehtiyac var”.

Deputatın fikrincə, şəhid və qazi məsələsində birinci, yaxud ikinci Qarabağ müharibəsi kimi bir sədd qoymaq olmaz: “Hesab edirəm ki, onların hamısı bu vətən, bu dövlət uğrunda həyatını ortaya qoyan adamlardır. Bilirsiniz ki, bu təbəqədən olan vətəndaşlarımızın sosial təminatının və mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində artıq bu ilin əvvəlindən etibarən hüquqi baza mövcuddur. Ali siyasi iradə də bu tədbirlərin ağlabatan forma və metodlarla daha da gücləndirilməsi yönündədir. Düzü o qənaətdə deyiləm ki, şəhid və qaziyə münasibətdə bizim hansısa təcrübəni öyrənməyimizə ehtiyac var. Əksinə, Azərbaycan özü bu sahədə bir standart müəyyən edib. Bəli, inkar etmək olmaz ki, sosial təminat sistemi bizdən güclü olan, bu sahədə  istər strukturlaşma, istərsə də praktik olaraq öyrənəcəyimiz dövlətlər var. Lakin, məhz şəhid və qazi məsələsində açıq deyim, bizim öyrənəcəyimiz təcrübə demək olar ki, yoxdur”.

Postmüharibə dövrünəki əsas məsələlərdən biri də Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması idi. Ermənistan tərəfindən mülki Azərbaycan əhalisinin hədəfə alınması insan hüquqlarının kobud şəkildə pozulması demək idi. Bu vandallığın dünyaya çatdırılmasında Ombudsmanın da fəaliyyətini qeyd etmək mütləqdir. Ombudsman Aparatı müharibə və postmüharibə dövründə Ermənistanın Azərbaycana qarşı apardığı siyasəti, terrorçuluq hərəkətlərini, mülki obyektlərin, mülki insanların hədəfə alınmasını ifşa edib. Bu məqsədlə faktaraşdırıcı missiya həyata keçirilib. Bununla bağlı beynəlxalq təşkilatlara, digər ölkələrin ombudsmanlarına məlumat göndərilib, 14 hesabat, 20 bəyanat, 21 müraciət ünvanlanıb, 10 faktaraşdırıcı missiya rellaşdırılıb.

Postmüharibə dövründə insan hüquqlarından danışarkən son illər Azərbaycanda güclənməkdə olan vəkillik institundan bəhs etməmək olmaz. Artıq Azərbaycanda vəkillərin sayı 2 mini ötüb və onlar bir çox məsələlərdə insan hüquqlarının təminatı ilə bağlı vacib fiqur sayılır. Məhkəmə-hüquq sistemində vətəndaşları süründürməçiliyə məruz qoyan bəzi vəzifəli şəxslərə qarşı adekvat mövqeyin ortaya qoyulmasında vəkillik institutu əsas amildir. Təkcə cəmiyyətin aztəminatlı təbəqəsinə son illərdə Vəkillər Kollegiyası tərəfindən göstərilən pulsuz hüquqi yardım kampaniyalarının sayı onlarladır. Müharibədən əvvəl də olduğu kimi postmüharibə dövründə də  vəkillərin müharibədən əziyyət çəkən insanlara, şəhid və qazi ailələrinə pulsuz hüquqi yardım göstərməsi Kollegiyanın diqqətdə saxladığı nüansdır.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Qafqazinfo”ya açıqlamasında postmüharibə dövründə insan hüquqlarının yüksək səviyyədə təmin edilməsi üçün başlıca addımlar atıldığını deyib: “BMT-nin sabiq baş katibi Kofi Annanın da vurğuladığı kimi “İnsan hüquqlarının təmin edilməsi və uzunmüddətli sülh və dayanıqlı inkişaf arasında birbaşa əlaqə artıq hamılıqla tanınmışdır”. Torpaqlarımızın işğal edilməsi ilə Azərbaycan Respublikasının bir milyondan çox vətəndaşının yaşamaq, mülkiyyət, toxunulmazlıq, təhlükəsizlik, təhsil və əmək hüquqları kimi fundamental insan hüquqları pozulmuşdu. Hüquq pozuntuları II Qarabağ müharibəsi zamanı müharibə cinayətləri ilə davam etdi. Qeyd edilən dövrdə torpaqların işğaldan azad olunması ilə qaçqın və məcburi köçkünlərin hüquqlarının bir hissəsinin bərpası mümkün oldu və bu istiqamətdə tədbirlər görülməkdədir.

Postmüharibə dövründə sülh quruculuğunun təməl və strateji hədəflərindən biri insan hüquqlarının təbliğ və təşviq edilməsidir. Bu məqsədlə, ilkin olaraq, müharibədən təsirlənən həssas qruplar müəyyən edilməlidir, daha sonra həmin qrupların, o cümlədən şəhid ailələri və sağlamlığını itirmiş şəxslərin sosial-iqtisadi hüquqlarının təmin edilməsi və onların sosial müdafiəsinin təmin edilməsi məqsədilə fəaliyyət planlarının və dövlət proqramlarının gücləndirilməsi zəruridir. Bundan əlavə, məcburi köçkünlərin mülkiyyət hüquqlarının bərpası məqsədilə strategiyaların və mərhələli fəaliyyət planlarının tətbiq edilməsi məqsədəuyğun olardı”.

Anar Bağırovun sözlərinə görə, müharibədən əziyyət çəkən şəxslər, eləcə də müharibə iştirakçıları və onların ailələri üçün pulsuz hüquqi yardım göstərilməsi ilə bağlı Kollegiya tərəfindən bir sıra işlər görülüb və görüləcək: “Qeyd etmək istərdim ki, Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzi (HYTM) açıldığı ilk gündən aztəminatlı ailələrə, şəhid ailələrinə, qazilərə və digər bu kateqoriyadan olanlara pulsuz hüquqi yardım göstərilir. Postmüharibə dövründə isə Rəyasət Heyətinin qərarı ilə vəkillər tərəfindən şəhid ailələrinə və qazilərə ödənişsiz hüquqi yardımın göstəriləsi və ehtiyac olduqda məhkəmə proseslərində ödənişsiz təmsilçilik həyata keçiriləcək. Şəhid ailələri və yaralanmış qazilər ödənişsiz hüquqi yardımla bağlı HYTM-yə müraciət edərək qeydiyyatdan keçməlidirlər. Vəkil qurumlarına gedə bilməyən şəhid ailələri və qazilərlə bağlı vəkillər özü həmin şəxslərin evlərinə gedərək yerində hüquqi yardım göstərir.

Həmçinin, postmüharibə dövründə “ASAN Könüllüləri” Gənclər Təşkilatı və UNICEF tərəfindən təşkil olunan “Fövqaladə hallarda uşaq müdafiəsi” layihəsi çərçivəsində bu il mayın 23-ü və iyulun 17-də HYTM-nin təşkilatçılığı ilə müharibədən əziyyət çəkən, şəhid ailələri və qazilərə pulsuz hüquqi yardım göstərilib və  şifahi və yazılı məsləhətlər verilib.  Milli Məclisin deputatları Kamal Cəfərov, Şahin Seyidzadə və Bəhruz Məhərrəmovun təşəbbüsü, Vəkillər Kollegiyasının dəstəyi ilə Sabirabad, Biləsuvar, Abşeron və Qobustan rayonlarında şəhid ailələrinə, qazilərə ödənişsiz hüquqi yardımlar göstərilib. Bu layihələr mütəmadi şəkildə respublikanın müxtəlif şəhər və rayonlarında keçirilir və gələcəkdə də bu tip layihələrin daha çox keçirilməsi planlaşdırılır”.

Postmüharibə dövründə insan hüquqlarının qorunması sahəsində ən ciddi addımlardan biri “8 noyabr - Zəfər Günü” ilə bağlı amnistiyanın verilməsi idi. Bu amnistiya aktında cəmiyyətdə baş verən siyasi proseslər nəzərə alındı və bu da siyasi qüvvələr arasındakı həmrəyliyə nail olunmasında böyük rol oynayacaq. Cəmiyyət üçün az ziyanverici xüsusiyyətləri olan cinayətləri törətmiş insanlar bu amnistiyanın predmeti oldular. Hökumət onları azad etməklə özünün müharibədən sonrakı humanist addımlarını nümayiş etdirdi. Müharibədən sonra insan hüquqları sahəsində dövlətdən müəyyən gözləntilər var və bu gözləntilərin həllini yerli fəallar, siyasətçilər, cəmiyyət və beynəlxalq təşkilatlar gözləyir.

Etiraf edək ki, insan hüquqları ilə bağlı ölkədə müəyyən çatışmazlıqlar da var və bu çatışmazlıqların həlli üçün dövlət-cəmiyyət vəhdəti mütləqdir. Cəmiyyət üzvləri hüquqlarının məhdudlaşdırıldığı yerdə bunu lazımi dairələrə çatdırmalı, qurumlar isə problemi görüb həll etməlidir. Bu işdə isə dövlət qurumları qeyri-hökumət təşkilatları ilə sıx təmasda olmalı, fikir alış-verişi ilə hər zaman daha yaxşını tapmaq prinsipi üzərində çalışmalıdır.

Humanitar Təqdiqatlar Mərkəzinin rəhbəri, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının  üzvü Əvəz Həsənov “Qafqazinfo”ya bildirib ki, postmüharibə dövründə insan hüquqları sahəsində islahatların aparılmasına və münbit şəraitin yaradılmasına ehtiyac var (Qeyd edək ki, açıqlama mərhum Əvəz Həsənovun vəfatından bir gün öncə alınıb).

Ə.Həsənov qeyd edib ki, insan hüquqları sahəsində cəmiyyətdə ciddi islahatların aparılması postmüharibə dövrünün əsas amillərindəndir: “İşğaldan azad edilən torpaqlarda yaşayış üçün şəraitin yaradılmasından sonra 1 milyona yaxın insan geri dönəcək. O insanlar geri dönərkən üstün hüquqları və dövlətin onlara ayırdığı imtiyazlar bəlli olmalıdır. Zənnimcə, hökumət bu istiqamətdə hələ 10 il bundan əvvəl “Böyük qayıdış” proqramı hazırlamışdı. Həmin proqramda torpaqlar azad olunduqdan sonra insanların hansı üstün hüquqları olacağı barədə prinsiplər yer almışdı. Bu prinsiplərdə o insanlara yaşayış üçün şəraitin yaradılması ilə yanaşı, dövlətin onlara özəlləşdirmə payları verməsindən söhbət gedirdi. Ümid edirəm ki, ilk olaraq hökumət işğaldan azad olunmuş ərazilərdə torpaq islahatını reallaşdıracaq və insanlar orada paya malik olacaqlar”.

QHT nümayəndəsi bildirib ki, azad olunmuş ərazilərdə hüquqi proseslərin həyata keçirilməsinin ən yaxşı nümunələrindən biri bələdiyyə seçkilərinin keçirilməsindən ibarət olacaq: “Azərbaycanda həmin rayonlar üzrə bələdiyyə seçkiləri keçirilməyib. O insanlar yaşadıqları rayonlarda parlament və prezident seçkilərində iştirak etsə də, bələdiyyə seçkilərində nə seçici kimi, nə də bələdiyyə üzvü kimi iştirak ediblər. İndi bu seçkilər sayəsində onlar üçün əlavə hüquqlar, əlavə iş yerləri, əlavə məşğuliyyətlər yaranacaq. Dövlət həmin əraziyə qayıdan insanlar üçün güzəştləri elan edəcək. Ümid edirəm, ilk növbədə həmin əraziyə qayıdan insanların bir müddət məcburi köçkün statusunu saxlamaq şərti ilə onlar dövlətin ayırdığı subsiyadalar, faizsiz vergi ödənişləri ilə təmin olunacaqlar. Bu da kənd təsərrüfatı ilə məşğul olan insanlar üçün yaxşı imkanlar deməkdir”.

Postmüharibə dövründə insan hüquqlarından danışarkən, Qarabağda yaşayan mülki erməni əhalisinin hansı hüquqlara malik olacağı ilə bağlı məqam da maraq doğurur. Prezident İlham Əliyev dəfələrlə bununla bağlı humanist mövqeyini nümayiş etdirib. O bildirib ki, Qarabağın erməni əhalisi orada yaşamağa davam edəcək və onlar Azərbaycan vətəndaşları hesab olunur.

Düzdür, Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində bizim bir milyon əhalimiz qaçqın və məcburi köçkün düşmüşdü. Lakin Azərbaycan eyni qaydada davranmır. Hətta ermənilər Gəncəni, Bərdəni bombalayanda, mülki şəxsləri öldürəndə Azərbaycanda yaşayan minlərlə erməni ilə bağlı heç kim radikal addım atmadı. Odur ki, artıq Qarabağda yaşayan ermənilərdən bəzilərinin Azərbaycana müraciət edərək vətəndaşlıq istəməsi ilə bağlı məlumatların yayılması da əbəs deyil. Çünki onlar yaxşı başa düşür ki, illərdir Ermənistan hökumətinin onlara yarada bilmədiyi şəraiti Azərbaycan geniş sosial-iqtisadi imkanları çərçivəsində yaradacaq və onların təhlükəsizliyini təmin edəcək. Bu da insan hüquqları sahəsində ən vacib hüquqlardır.

Yazı Ombudsman Aparatının “Postmüharibə dövründə insan hüquqları” mövzusuna həsr etdiyi jurnalist yazıları müsabiqəsinə təqdim olunur.

Amin Nəzərli