“Pozğun” bizik

pozgun-bizik
Oxunma sayı: 2566


Bu gün gileylənirik ki, yazılara “qışqıran”, erotik başlıqlar qoyulur. Ancaq nəzərə alsaq ki, saytlarda çalışanların bəziləri ədəbiyyat adamlarıdır, onda iddialı cümlələrə yer qalmır. Əgər ədəbiyyat saytlarının rəhbəri biziksə və həmin başlıqları biz seçiriksə, deməli, növbəti oxucularımıza “gözəl gələcəyi” biz hazırlayırıq. Biz “oxunacaq” adı ilə özümüz də hiss etmədən ciddi oxucuların da zövqünün yönünü dəyişirik. Cəmiyyətin zövqü kirlənməkdədir, bizsə təmizləmək əvəzinə, bu informasiya kanalizasiyasına daha üfunətlə qoşuluruq.

Biz yazımızın erotik adlarla 5000 oxucu tərəfindən oxunmasına razıyıq. Ciddi başlıqlarla təqdim edib 200 oxucunun oxumasından boyun qaçırırıq. Unuduruq ki, bizim yazılarımızı erotik adlarla oxuyan 5000 oxucunun əksəri lüt şoubiznes xəbərləri oxuyanlardır, onlar bizim yazılarımızı oxumurlar, sadəcə erotik başlıqlarına ötəri nəzər salırlar.

Bu gün Anna Axmatova, Marina Sevetayeva, Mirzə Cəlil, Səməd Vurğun informasiya aləmində  yaxşı “bazar malıdır”. Çünki onların adının böyründə hər cür hədyana - “lezbian idi”, “üç dəfə ərə gedib”, “satqındır”, “cumhuriyyəti sevməyib”, yer var. Ona görə də informasiya satılan dövürdə dəyərlər heçə enir. Bu gün “gümüş dövrünün nəhəngi Svetayeva” deməkdənsə onu “lezbian Marina” adlandırmaq “maraqlı”dır. Bu işin pis tərəfi də yazıçların yaradıcılığından daha çox, onları həyatının qaranlıq məqamlarının eşilməsi ilə əlaqədardır.

Bu gün Suriayada “100 adam ölüb” həqiqəti bizim üçün ancaq xəbərdir, informasiyadır, “faciə deyil”.  Belə bir zamanda bir insanın taleyi kimə maraqlıdır ki.

Bəlkə də, mübarizə aparıb az-çox ciddi nəsə yaratmaq olardı, ancaq biz məğlub olduq. İP-lərə uduzduq. İndi də məğlub olmuşuq deyə də yazılarımıza erotik adlar seçməyə məhkumuq. Müğənnilər paltarlarını soyunmağa məhkum olduğu kimi, biz də yazılarımızın adını soyundrumağa məhkumuq.

Yaxud yazılarımızın içinə hansısa nalayiq bir cümlə işlətməliyik ki, redaktorlar o cümlə vasitəsi ilə yazını “oxutdursun”lar. 

Biz erotik köşələrlə xalqımızı “feyziyab edib”, öz oxucularımız yetişdirib onları “erotik roman”larımıza hazırlayırıq.

Biz oxucularımızı “baz əhvala” kökləyirik.

Tvlərdən “ciddi ədəbiyyat” oxunmur deyən də, siz oxucuların zövqünü korlayanlar da bizik.

Buna görə də siz oxucular bizə inanmırsınız...

Bütün bunlar belə olacağı təqdirdə, sizlər bizə inanmamaqda haqlısınız...