Azərbaycan Prezidenti İlham Əliyev Davosda qarşı tərəfin müraciəti əsasında “The Goldman Sachs Group İnc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti Cared Kohen ilə görüşüb.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Görüşdə Azərbaycan ilə “The Goldman Sachs Group Inc.” şirkəti arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparıldı.
Ölkəmizlə şirkət arasında 2010-cu ildən uğurlu əməkdaşlığın həyata keçirildiyi məmnunluqla vurğulanıb.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun “The Goldman Sachs Group Inc.” ilə uğurlu tərəfdaşlığının ölkənin maliyyə sektorunun inkişafı və beynəlxalq investisiya imkanlarının genişləndirilməsi baxımından əhəmiyyəti qeyd olunub.
Cared Kohen təmsil etdiyi şirkətin qlobal miqyasda maliyyə və investisiya sahələrində fəaliyyətindən danışaraq, Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu ifadə etdi. O, regionda baş verən iqtisadi proseslərin şirkət üçün böyük maraq kəsb etdiyini və gələcəkdə yeni layihələr çərçivəsində tərəfdaşlığın inkişafı istiqamətində potensial imkanların araşdırıldığını bildirib.
Qeyd edək ki, 1869-cu ildə təsis edilmiş və mənzil-qərargahı ABŞ-ın Nyu-York şəhərində yerləşən “The Goldman Sachs Group Inc.” investisiya və istehlak bankçılığı, qiymətli kağızlar, aktivlərin idarə edilməsi sahələrində xidmət göstərən aparıcı qlobal maliyyə institutudur. Şirkət hazırda 40-dan çox ölkədə fəaliyyət göstərir və müxtəlif siniflər üzrə 2,8 trilyon ABŞ dolları dəyərində aktivləri idarə edir.
***
Prezident İlham Əliyev Davosda qarşı tərəfin müraciəti əsasında “DP World” şirkətlər qrupunun sədri və icraçı direktoru Sultan Əhməd bin Sulaim ilə görüşüb.
Görüşdə “DP World” şirkətlər qrupunun ölkəmizdəki fəaliyyətinin perspektivləri, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin yaratdığı imkanlar barədə müzakirələr aparılıb. Azərbaycanın regional nəqliyyat qovşağı kimi rolu xüsusi vurğulanıb, mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunub.
Qeyd edək ki, “DP World” dünyanın ən böyük liman operatorlarından biridir. Şirkət coğrafi cəhətdən şaxələndirmə baxımından da liderlər sırasındadır.
Hazırda “DP World” dünyanın müxtəlif yerlərində 80-ə yaxın limanın operatorluğu ilə məşğuldur.
***
Prezident İlham Əliyev Davosda qarşı tərəfin müraciəti əsasında İraq Kürdüstan regionunun Baş naziri Məsrur Bərzani ilə də görüşüb.