“Prezident əvvəl baxılan məbləği iki dəfə artırıb” - Nazir problemli kreditlər haqda

prezident-evvel-baxilan-meblegi-iki-defe-artirib
Oxunma sayı: 3050

Maliyyə naziri Samir Şərifov problemli kreditlərin həlli ilə bağlı prezident İlham Əliyevin imzaladığı fərmanı şərh edib.

“Qafqazinfo” xəbər verir ki, nazir AZTV-yə müsahibəsində fərmanda nəzərdə tutulan 10 min ABŞ dolları və ya 17 min manatlıq məhdudiyyəti belə izah edib:

“Bundan yuxarı məbləğlərə baxılmayacaq. Bunun üçün də müəyyən əsaslar var. Çünki daha yüksək məbləğdə kredit götürənlər, yəqin ki, daha imkanlı şəxslərdir. Daha doğrusu, onlar banklara müraciət edərək daha yüksək məbləğdə kreditlər götürdükdə, qərar qəbul etməzdən əvvəl bunu saf-çürük etməli idilər. 

Bu fərmanda isə ən həssas borcalanlar dairəsi əsas götürülüb və həmin adamların problemli kredit məsələlərinin həlli istiqamətində addımlar atılır. Hesab edirik ki, 17 min manat Azərbaycan üçün kifayət qədər böyük məbləğdir.

Onu da qeyd edim ki, bu sənədin hazırlanması zamanı prosesdə iştirak edən işçi qrupu məbləği xeyli müddət müzakirə edib və daha aşağı qiymətlər də söyləyiblər. Əvvəl baxılan məbləği cənab prezident iki dəfə artırıb". 

Nazir onu da bildirib ki, əhalinin sosial müdafiəsi məqsədi ilə görülən tədbirlərin maliyyə tutumu 882 milyon manatdır:

“Bu vəsaitlər dövlət büdcəsində mövcuddur. Bəzən deyirlər ki, kimsə hökuməti buna vadar edib. Bunlar boş söhbətlərdir. Bütün bu işlər əvvəldən planlaşdırılıb. Bunun üçün də dövlət büdcəsində müvafiq ehtiyatlar yaradılmışdı. Söhbət sadəcə bunlardan nə zaman istifadə olunacağından gedirdi. Dövlət başçısının qərarlarına uyğun olaraq biz bu vəsaitin hər an maliyyələşdirilməsinə başlaya bilərik.  Artıq bildiyiniz kimi 1 mart tarixindən başlayaraq, minimum əmək haqqı artırıldı. Vəsait mövcuddur və büdcəyə yenidən baxmağa hələ ki, ehtiyac görmürük”.