“Qafqazinfo” xəbər verir ki, fərman kənd təsərrüfatının institusional inkişafını təmin etmək, aqrar sahədə idarəetməni müasir dövrün tələblərinə uyğunlaşdırmaq, o cümlədən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturunu və fəaliyyətini təkmilləşdirmək məqsədi ilə verilib.
Fərmanda rayonlar üzrə aqrar siyasətin həyata keçirilməsinin təmin edilməsi, kənd təsərrüfatına dövlət dəstəyi tədbirlərinin təşkili, aqrar sahə ilə bağlı problemlərin həllində müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının yerli struktur bölmələri ilə səmərəli əməkdaşlığın qurulması məqsədi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin rayon və şəhər idarələri yaradılması, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi ilə birlikdə aqroparkların yaradılması barədə təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməsi nəzərdə tutulur.
Həmçinin fərmana görə, KTN qarşısına tabeliyində olan və fəaliyyəti məqsədəuyğun hesab edilməyən təsərrüfat hesablı dövlət müəssisə və təşkilatlarının ləğvi, özəlləşdirilməsi, yenidən təşkili və idarəetməyə verilməsi barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməsi, tabeliyindəki laboratoriyaların fəaliyyətinin təkmilləşdirilməsi və onların beynəlxalq akkreditasiyadan keçməsinin təmin edilməsi və digər tələblər qoyulub.
Bundan başqa Azərbaycan Respublikası Prezidentinin Administrasiyası altı ay müddətində, kəndli fermer təsərrüfatlarının daha iri kənd təsərrüfatı müəssisələri formasında birləşmələrinin iqtisadi stimullaşdırılmasını nəzərdə tutan "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti isə Kənd Təsərrüfatı Nazirliyinin yeni strukturu və işçilərinin say həddi barədə təkliflərini hazırlamalı, Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısını təsdiq etməli, kənd təsərrüfatı təyinatlı torpaqların zəbt olunmasına və ya onlardan qanunsuz istifadə edilməsinə görə məsuliyyəti müəyyən edən qanun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.