Prezident Heydər Əliyevin abidəsini ziyarət etdi - Fotolar

prezident-heyder-eliyevin-abidesini-ziyaret-etdi
Oxunma sayı: 674

Azərbaycan prezidenti İlham Əliyev aprelin 16-da Yevlax rayonuna səfərə gəlib.

"Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti Mingəçevir-Bəhramtəpə avtomobil yolunun Mingəçevir-Mingəçevir stansiyası hissəsinin açılışında iştirak edib. Dövlət başçısı yolun texniki göstəricilərini əks etdirən stendlərə baxıb.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına məlumat verdi ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Mingəçevir-Bəhramtəpə avtomobil yolunun Mingəçevir şəhəri-Mingəçevir dəmir yolu stansiyası arasında yerləşən hissəsinin yenidən qurulması işləri yekunlaşıb. Bu hissənin uzunluğu 16,5 kilometrdir. Yol üçüncü texniki dərəcədən ikinci texniki dərəcəyə uyğun yenidən qurulub. Layihəyə əsasən, yol iki hərəkət zolağından ibarətdir.

Tikinti işləri nəticəsində yol yatağının eni 12 metrdən 15 metrə qədər genişləndirilib. Hərəkət hissəsinin eni 7,5 metr, hər iki istiqamət üzrə çiyinlərin eni isə 3,75 metrdir. Mingəçevir-Mingəçevir stansiyası avtomobil yolunda bütün tikinti işləri texnoloji ardıcıllığa riayət edilməklə başa çatdırılıb. Yol nişanları və məlumatverici lövhələrin quraşdırılması, həmçinin yol cizgi və yolgöstərici xətlərin çəkilməsi işləri yerinə yetirilib. Mingəçevir-Bəhramtəpə avtomobil yolunun bu hissəsində Kürəkçay üzərində biraşırımlı körpünün, 26 dairəvi borunun və digər infrastrukturun yaradılması işləri uğurla icra olunub.

Qeyd edildi ki, Mingəçevir-Bəhramtəpə avtomobil yolunun Mingəçevir şəhəri-Mingəçevir dəmir yolu stansiyası arasındakı hissəsinin yenidən qurulması ilə vətəndaşların Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yoluna rahat və maneəsiz gediş-gəlişi təmin olunub.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.

***

Prezident İlham Əliyev Yevlax rayonunda Salahlı-Balçılı-Ağqıraqlı-Varvara-Cırdaxan avtomobil yolunun açılışında iştirak edib.

***

Prezident İlham Əliyev Yevlax rayonuna səfəri çərçivəsində Varvara Su Elektrik Stansiyasının yenidənqurmadan sonra açılışında iştirak edib.
 
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev dövlət başçısına Varvara Su Elektrik Stansiyasında görülən yenidənqurma işləri barədə məlumat verib.
 
Diqqətə çatdırılıb ki, qoyuluş gücü 16,5 MVt olan Varvara Su Elektrik Stansiyası 1954-1957-ci illərdə inşa olunub. Ümumilikdə 3 hidroaqreqatdan ibarət olan bu stansiyanın 1-ci hidroaqreqatı 1956-cı ildə, digər iki hidroaqreqatı isə 1957-ci ildə istismara verilib. Həmin vaxtdan ötən 60 ildə stansiyanın avadanlıqları fiziki cəhətdən köhnəlib, gücü nəzərəçarpacaq dərəcədə aşağı düşüb. 1990-cı ildən sonra isə stansiya cəmi 2-3 MVt güclə işləyib. Buna görə də 2010-cu ildən başlayaraq Mingəçevir Su Elektrik stansiyaları silsiləsinin yenidən qurulması layihəsi çərçivəsində Varvara Su Elektrik Stansiyasında da yenidənqurma işləri həyata keçirilib və uğurla başa çatdırılıb. Yenidənqurma işləri çərçivəsində stansiyanın bütün hidrogeneratorları və hidroturbinləri yeniləri ilə əvəzlənib. Bunun nəticəsində isə stansiyanın gücü artaraq 18 MVt-a çatıb. Bundan başqa, 35 kilovoltluq qapalı paylayıcı qurğu və müvafiq ötürücü şəbəkə tam yenilənib. Varvara Su Elektrik Stansiyası Mingəçevir SES-in su sərfiyyatını tənzimləməklə yanaşı, ildə orta hesabla 100 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal etməyə imkan verəcək.
 
Prezident İlham Əliyev Varvara Su Elektrik Stansiyasını işə salıb.
 
Qeyd edək ki, 2017-ci ildə Mingəçevir Su Elektrik Stansiyasının yenidən qurulmasının başa çatdırılması da planlaşdırılır.

***

Azərbaycan prezidenti ulu öndər Heydər Əliyevin Yevlax şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.