Prezident körpü tikintisinə pul ayırdı

prezident-korpu-tikintisine-pul-ayirdi
Oxunma sayı: 2589

Azərbaycan Prezidenti İlham Əliyev Gədəbəy rayonunun ərazisində Dəyirmançay və Qaraçay çayları üzərində yeni körpülərin tikintisinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

“Qafqazinfo” xəbər verir ki, sərəncamda deyilir:

1. Gədəbəy rayonunun ərazisində Dəyirmançay və Qaraçay çayları üzərində yeni körpülərin tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2,7 milyon (iki milyon yeddi yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.