“Prezident kuboku” 2-ci dəfə Avropa Kanoe Assosiasiyasının təqvimində

prezident-kuboku-2-ci-defe-avropa-kanoe-assosiasiyasinin-teqviminde
Oxunma sayı: 627

Avropa Kanoe Assosiasiyası “ECA” “Prezident Kuboku-2024” beynəlxalq reqatasını 2-ci dəfə rəsmi təqvim planına daxil edib. Assosiasiyanın rəsmi internet səhifəsində reqata haqqında geniş məqalə dərc olunub.

“Qafqazinfo” xəbər verir ki, yazıda iştirakçı komandaların Bakıya gəlişi, açılış mərasimi, yarış və bağlanış günləri haqqında məlumat verilib.

Təsdiqlənmiş təqvimə əsasən iştirakçı komandalar 2024-cü il 29 aprel tarixində Bakıya gələcək. Bir gün sonra Mingəçevirdə “Prezident Kuboku-2024” beynəlxalq reqatasının rəsmi açılış mərasimi və parad təşkil olunacaq. Mayın 1-i Suqovuşan su anbarında bir nəfərlik kayak və kanoe üzrə 200 metr məsafəyə yarışlar keçiriləcək. Reqata 2-3 may tarixlərində Mingəçevirdə yerləşən “Kür” Olimpiya Tədris və İdman Mərkəzində (OTİM) davam edəcək. Mayın 3-ü yarışların final görüşləri keçiriləcək. 

Avropa Kanoe Assosiasiyası “ECA” həmçinin Azərbaycanda avarçəkmə üçün uyğun olan yeni su hövzəsinin təqdimatının olacağı haqda məlumat verib. 4 may tarixində işğaldan azad olunan Füzuli rayonunda yerləşən Köndələnçay su anbarının açılış mərasimi baş tutacaq. Mayın 5-i komandalar ölkələrinə yola salınacaq.

Xatırladaq ki, “Prezident Kuboku-2023” beynəlxalq reqatası da Avropa Kanoe Assosiasiyasının rəsmi təqvim planına daxil edilmişdi. 

Qeyd: Xəbərin yer aldığı Avropa Kanoe Assosiasiyasının rəsmi internet səhifəsinə daxil olmaq üçün  aşağıdakı keçiddən istifadə edə bilərsiniz.

https://www.canoe-europe.org/news/invitation-to-the-president-cup-2024-in-azerbaijan-2904