Prezident Misirin Sərhəd Qoşunlarının Komandanını qəbul edib

prezident-misirin-serhed-qosunlarinin-komandanini-qebul-edib
Oxunma sayı: 783

Prezident İlham Əliyev Misirin Müdafiə Nazirliyi Sərhəd Qoşunlarının Komandanı Əhməd İbrahim Məhəmməd İbrahimini qəbul edib.

"Qafqazinfo" AzerTac-a istinadən xəbər verir ki, Əhməd İbrahim Məhəmməd İbrahimi Misir Prezidenti Əbdülfəttah əs-Sisinin salamlarını dövlət başçısına çatdırıb. O, Azərbaycanın Misirə dost ölkə olduğunu vurğulayıb. Misirin ölkələrimiz arasında əməkdaşlığı daha da inkişaf etdirməkdə maraqlı olduğunu bildirib. 

İki ölkənin sərhəd xidmətlərinin əməkdaşlığına toxunan Əhməd İbrahim Məhəmməd İbrahimi Azərbaycanın Dövlət Sərhəd Xidmətinin rəisinin Misirə, özünün isə Azərbaycana bu səfərinin ölkələrimizin sərhəd xidmətləri arasında əlaqələrin inkişafına töhfə verəcəyini söyləyib. Ölkələrimizin müvafiq qurumlarının uğurlu əməkdaşlıq həyata keçirdiklərini deyən qonaq bu əməkdaşlığın təhlükəsizlik, hərbi-texniki və digər sahələri əhatə etdiyini deyib. Azərbaycanın hərbi-texniki sahədə və təlimlərin keçirilməsində yaxşı təcrübəyə malik olduğunu vurğulayan Əhməd İbrahim Məhəmməd İbrahimi sərhəd xidmətləri arasında təcrübə mübadiləsinin önəmini də qeyd edib.

Dövlət başçısı Azərbaycan ilə Misir arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini bildirib. Prezident İlham Əliyev iki ölkənin sərhəd xidmətləri arasında uğurlu əməkdaşlığa toxunaraq, ölkələrimizin hərbi, sərhəd xidməti, təhlükəsizlik sahələrində əlaqələrinin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.