Prezident pakistanlı həmkarını təbrik etdi

Prezident pakistanlı həmkarını təbrik etdi
Oxunma sayı: 1534

Prezident İlham Əliyev Pakistan Prezidenti Arif Alviyə təbrik məktubu göndərib.

“Qafqazinfo” xəbər verir ki, məktubun mətnində deyilir:

“Hörmətli cənab Prezident,

Pakistan İslam Respublikasının milli bayramı − Pakistan Günü münasibətilə Sizi və qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən səmimi arzularımı çatdırıram.

Dostluq və qardaşlıq üzərində qurulmuş Azərbaycan-Pakistan əlaqələrinin bugünkü yüksək səviyyəsi məmnunluq doğurur. Ölkələrimiz arasında çoxsaylı qarşılıqlı səfərlər, imzalanan sənədlər və əldə olunan razılaşmalar əməkdaşlığımızın inkişafında mühüm rol oynayır. Biz ortaq mənəvi dəyərlərimizdən və xalqlarımızın iradəsindən güc alan bu birliyimizi daha da möhkəmləndirmək əzmindəyik.

Pakistanın beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq ölkəmizin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına verdiyi daimi dəstəyə və ədalətli mövqeyinə görə Sizə təşəkkür edirəm. Qardaş ölkənizin Azərbaycana göstərdiyi bu dəstəyi xalqımız yüksək qiymətləndirir.

Keçən il Aşqabadda Sizinlə səmimiyyət və qarşılıqlı etimad şəraitində keçən görüşümüzü, apardığımız fikir mübadiləsini ən xoş təəssüratlarla xatırlayıram. Əminəm ki, dövlətlərarası münasibətlərimizin və strateji tərəfdaşlığımızın genişləndirilməsi sahəsində atdığımız addımlar, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığımız bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Pakistan xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.