“Prezident qarşımıza çox mühüm tapşırıqlar qoyub” - İnam Kərimov

prezident-qarsimiza-cox-muhum-tapsiriqlar-qoyub
Oxunma sayı: 1277

Lənkəranda kənd təsərrüfatı naziri İnam Kərimovun sədrliyi ilə “Sitrus meyvəçiliyinin və çayçılığın inkişafına dair dövlət proqramlarının icrası ilə əlaqədar mövcud vəziyyət və qarşıda duran vəzifələr” mövzusunda zona müşavirəsi keçirilib.

"Qafqazinfo" xəbər verir ki, Kənd təsərrüfatı naziri İnam Kərimov müşavirədə çıxış edərək qeyd edib ki, dövlət başçısı tərəfindən həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir: “Prezident İlham Əliyev tərəfindən ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi, torpaq və su resurslarından səmərəli istifadə ilə bağlı qarşımıza çox mühüm tapşırıqlar qoyulub. Resurslardan səmərəli istifadə və innovativ texnologiyaların geniş tətbiqi ilə bu sahədə məhsuldarlıq daha da artırılmalıdır.

Sitrus meyvəçiliyi və çayçılıq ölkəyə valyuta axınına imkan verən, məşğulluğu təmin edən, əmək tutumlu önəmli bir sahələrdəndir. Sitrus meyvəçiliyinin və çayçılığın inkişafı bu məqsədlərə nail olmağa imkan verir. Həm sitrus meyvəçiliyinin, həm də çayçılığın inkişafı ilə bağlı qəbul edilən Dövlət Proqramlarında konkret hədəflər müəyyən edilib. Proqramların əsas məqsədi bu sahədə daha yüksək inkişafa, məhsuldarlığı artırmağa nail olmaqdır. Bu hədəflərə çatmaq üçün konkret tədbirlər həyata keçirilir. Həyata keçirilən məqsədyönlü tədbirlər aqrar sahənin dinamik və dayanıqlı inkişafını təmin edir”.

Daha sonra Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rafail Quliyev “Azərbaycanda sitrus meyvə bağlarının, çayçılığın mövcud vəziyyəti və qarşıda duran vəzifələr” mövzularında məruzə ilə çıxış edib.

Müşavirədə gübrə, dərmanlarla təminat, sitrus meyvəçiliyi və çayçılığın inkişafı istiqamətində fikir mübadiləsi aparılıb, fermerlərin təklifləri qeydiyyata alınıb. Tədbirdə bu sahələrin inkişafı məqsədilə qarşıya qoyulan vəzifələrə toxunulub, bu cür müzakirələrin mütəmadi keçirilməsi qərara alınıb.