Prezident qəbullar keçirdi - Yenilənib

prezident-qebullar-kecirdi
Oxunma sayı: 1899

Prezident İlham Əliyev martın 9-da Səudiyyə Ərəbistanının Kral Faysal İslam Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri Şahzadə Turki Al Faysal Al Saudu qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Görüşdə X Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunulub, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dünyada nüfuzunun ildən ilə artdığı vurğulanıb. Budəfəki Forumda da daha çox sayda ölkələrin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı bunun göstəricisi kimi dəyərləndirilib.

Kral Faysal İslam Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri X Qlobal Bakı Forumunun yüksək səviyyədə təşkil edildiyini vurğulayıb.

Dövlət başçısı Şahzadə Turki Al Faysal Al Sauda işğaldan azad olunmuş ərazilərimizə dünən etdiyi səfərə görə təşəkkürünü bildirib.

Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyü məsələsində, o cümlədən 44 günlük Vətən müharibəsi zamanı və müharibədən sonrakı dövrdə də Səudiyyə Ərəbistanının ölkəmizə göstərdiyi siyasi-mənəvi dəstəyi yüksək qiymətləndirib.

Şahzadə Turki Al Faysal Al Saud Azərbaycanın işğaldan azad olunmuş ərazilərində apardığı genişmiqyaslı bərpa-yenidənqurma işləri ilə bağlı dövlətimizin başçısını təbrik edib. Qonaq işğaldan azad olunmuş ərazilərimizə səfərinin ona dərindən təsir etdiyini bildirib.

Söhbət zamanı Azərbaycanla Səudiyyə Ərəbistanı arasında dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi vurğulanıb və əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

***

Prezident İlham Əliyev martın 9-da BMT-nin İnsanın İmmunçatışmazlığı Virusu/Qazanılmış İmmun Çatışmazlığı Sindromu üzrə Birgə Proqramının (UNAIDS) icraçı direktoru Vinni Byanyimanı qəbul edib.

X Qlobal Bakı Forumunda iştirakından məmnunluğunu bildirən Vinni Byanyima forumun çox yüksək səviyyədə təşkil olunduğunu deyib və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin yaradılmasını olduqca əhəmiyyətli bir təşəbbüs kimi qiymətləndirib, bu təsisatın dünya səviyyəsində nüfuzunun artdığını vurğulayıb.

Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ilk fəaliyyətinin dahi Azərbaycan şairi Nizami Gəncəvinin ana yurdu olan qədim Gəncə şəhərindən başladığını qeyd edərək, sonrakı illərdə bu Mərkəzin daha da inkişaf etdiyini və bu il artıq ölkəmizdə X Qlobal Bakı Forumunun keçirildiyini deyib.

Dövlət başçısını Qoşulmama Hərəkatının sədri olaraq uğurlu fəaliyyətinə və Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünün yüksək səviyyədə təşkilinə görə təbrik edən Vinni Byanyima Hərəkatın bugünkü beynəlxalq münasibətlərdə çox vacib rol oynadığını vurğulayıb.

Qonaq Azərbaycanın səhiyyə sahəsində, o cümlədən yoluxucu xəstəliklər və AİDS-ə qarşı mübarizədə qazandığı uğurları qeyd edərək, bu xüsusda davamlı inkişaf məqsədlərinin həyata keçirilməsində ciddi nailiyyətlərin əldə olunduğunu deyib. O, rəhbərlik etdiyi təşkilatın Afrika qitəsində və digər ölkələrdə həyata keçiriləcək layihələrinə Azərbaycanın dəstəyini xahiş edib.

Müstəqilliyimizin ilk illərində Ermənistanın ölkəmizə qarşı təcavüzü nəticəsində bir milyondan çox azərbaycanlının öz evindən didərgin düşdüyünü, onların çadır şəhərciklərində yaşadığını xatırladan dövlət başçısı, o zaman Azərbaycanın iqtisadi durumunun aşağı səviyyədə olduğunu və ölkəmizin çox ciddi çətinliklərlə üzləşdiyini qeyd edib, həmin dövrdə Azərbaycana beynəlxalq təsisatlar tərəfindən dəstəyin göstərildiyini bildirib. Prezident İlham Əliyev vurğulayıb ki, bu xüsusda da Azərbaycan beynəlxalq səviyyədə yardım proqramlarına öz töhfəsini verərək potensial donor ölkəsinə çevrilib. Dövlət başçısı Azərbaycanın BMT-nin aidiyyəti institutları ilə yaxından əməkdaşlıq etdiyini və onların fəaliyyətini dəstəklədiyini bildirib.

***

Prezident İlham Əliyev martın 9-da İsrailin sabiq Baş naziri Ehud Olmerti qəbul edib.

Görüşdə X Qlobal Bakı Forumunun yüksək səviyyədə təşkil edildiyi vurğulanıb, bu Forumun getdikcə çox mühüm beynəlxalq platformaya çevrildiyi məmnunluqla qeyd edilib, burada çox sayda ölkədən nüfuzlu siyasətçilərin və digər qonaqların iştirakı bunun göstəricisi kimi qiymətləndirilib.

Söhbət zamanı Azərbaycan-İsrail əlaqələrinə toxunulub, münasibətlərimizin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi qeyd olunub. Bu baxımdan İsraildə Azərbaycan səfirliyinin açılmasının önəmi vurğulanıb.

Görüşdə ticarət, kənd təsərrüfatı, turizm və energetika sahələrində əməkdaşlıq məsələləri qeyd edilib.