Prezident qəbullar keçirdi - Yenilənib

prezident-qebullar-kecirdi
Oxunma sayı: 2639

Prezident İlham Əliyev mayın 18-də Cənubi Afrika Respublikası Milli Assambleyasının sədri Nosivive Mapisa-Nqakulanı qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, dövlətimizin başçısı Nosivive Mapisa-Nqakulanın rəhbərlik etdiyi nümayəndə heyətinə ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan Respublikası Milli Məclisinin xüsusi iclasında iştirakına görə təşəkkürünü bildirib və bunu əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirib.

Azərbaycan Prezidenti ilə görüşməkdən və ulu öndərin anadan olmasının 100 illiyi münasibətilə keçirilən tədbirdə iştirak etməkdən şərəf hissi duyduqlarını bildirən Cənubi Afrika Respublikası Milli Assambleyasının sədri ölkəmizdə göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib.

Qonaq ulu öndərin 100 illiyi münasibətilə keçirilən tədbirin yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək, burada müxtəlif ölkələrdən nümayəndə heyətlərinin bir-biri ilə görüşməsi və fikir mübadiləsi aparması üçün də yaxşı imkanın yarandığını bildirib.

Dövlət başçısının ümummilli liderin siyasətini uğurla davam etdirdiyini vurğulayan Nosivive Mapisa-Nqakula ulu öndərin Azərbaycan tarixində müstəsna rol oynayan böyük şəxsiyyət və Lider olduğunu qeyd edib, ölkəmizin inkişafında onun müstəsna rolunu vurğulayıb. Qonaq deyib ki, Azərbaycanın keçdiyi inkişaf yolu bir nümunədir.

Prezident İlham Əliyev qeyd edib ki, dövlətçiliyimizin qurucusu olan ulu öndər ölkəyə rəhbərliyə gəldiyi dövrdə Azərbaycan çox ağır vəziyyətdə idi. Məhz ümummilli liderin güclü iradəsi və yorulmaz səyləri nəticəsində Azərbaycan çətin vəziyyətdən çıxaraq inkişaf yoluna qədəm qoyub.

Söhbət zamanı ikitərəfli əlaqələrin genişlənməsinin vacibliyi vurğulanıb, əməkdaşlıq üçün yaxşı potensialın olduğu qeyd edilib, kənd təsərrüfatı, enerji, turizm, təhsil sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.

Görüşdə Azərbaycan və Cənubi Afrika Respublikasının beynəlxalq təşkilatlar, həmçinin Qoşulmama Hərəkatında uğurlu əməkdaşlığı qeyd edilib.

***

Prezident İlham Əliyev bu gün Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi xanım Njupuo Yap Mariatunu qəbul edib.

Prezident İlham Əliyev Njupuo Yap Mariatunun Azərbaycana səfərinin ölkəmizin Beynəlxalq Mülki Müdafiə Təşkilatı ilə əməkdaşlığının genişlənməsi işinə töhfə verdiyini və əlaqələrimizin perspektivləri ilə bağlı fikir mübadiləsi aparmaq üçün yaxşı imkan yaratdığını qeyd edib.

Njupuo Yap Mariatu ilk növbədə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Fövqəladə Hallar Nazirliyinin təşkil etdiyi əməliyyat-taktiki təlimdə fəxri qonaq qismində iştirak etməkdən məmnunluğunu bildirib.

Heydər Əliyevin görkəmli dövlət xadimi və siyasətçi olduğunu vurğulayan Mülki Müdafiə Təşkilatının Baş katibi Prezident İlham Əliyevin ölkədə sabitliyin və dinamik inkişafın təmin edilməsi ilə onun siyasətini uğurla davam etdirdiyini bildirib. Dövlət başçısının regionda davamlı sülhün və sabitliyin təmin olunması istiqamətində fəaliyyətini yüksək qiymətləndirdiklərini deyən qonaq qeyd edib ki, bu, Prezident İlham Əliyevin ölkəmiz və region üçün verdiyi dəyərli töhfədir. Njupuo Yap Mariatu Azərbaycanın Türkiyədə baş verən zəlzələ zamanı göstərdiyi köməyin təşkilat tərəfindən yüksək dəyərləndirildiyini diqqətə çatdırıb.

Dövlət başçısı Türkiyənin Kahramanmaraş şəhərində Azərbaycan tərəfindən 1000 evin tikintisi ilə bağlı məlumat verib.

Qonaq qeyd edib ki, Azərbaycan 1993-cü ildən Beynəlxalq Mülki Müdafiə Təşkilatının üzvü olaraq mülki müdafiə ilə bağlı məsələlərin təşviqi məqsədi daşıyan təşəbbüslərdə fəal iştirak edən ölkələrdən biridir və təşkilatın potensialının gücləndirilməsi proqramları çərçivəsində əməkdaşlığa töhfə verir. Njupuo Yap Mariatu Baş Assambleyanın 2022-ci ildə keçirilmiş sonuncu sessiyasında Azərbaycanın yenidən 4 il müddətinə İcraiyyə Şurasının üzvü seçilməsini məmnunluqla vurğulayıb.

O, səfərinin əməkdaşlığımızın daha da inkişaf etməsinə və güclənməsinə təkan verəcəyinə əminliyini bildirib.

Dövlət başçısı Vətən müharibəsi dövründə ermənilər tərəfindən mülki şəxslərimizə qarşı ballistik raketlərin atıldığını, dinc sakinlərimizin qətlə yetirildiyini, eyni zamanda, energetika obyektlərimizə də hücumların olduğunu qeyd edib. Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı yenidənqurma işləri barədə məlumat verib.

Dövlət başçısı COVID-19 pandemiyasi zamanı ölkəmizin Ümumdünya Səhiyyə Təşkilatına göstərdiyi dəstəyi xatırlayıb, bunu Azərbaycanın beynəlxalq təşəbbüslərdə fəal iştirak etməsinin daha bir nümunəsi olduğunu deyib. Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə Afrika ölkələri ilə sıx əməkdaşlıq əlaqələri qurduğunu qeyd edib.

Söhbət zamanı iqlim dəyişikləri barədə fikir mübadiləsi aparılıb.

Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim edib.