Özbəkistan hökuməti qərb ölkələri banklarında dondurulan maliyyə vasitələrinin geri qaytarılması üçün aktiv kampaniyaya başlayıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hökumət bəyan edib ki, ölkə nəhəng korrupsiya sxeminin qurbanına çevrilib.
İsveçrəli jurnalist Fransua Pile Özbəkistan Ədliyyə nazirinin imzası qoyulan məktubun surətini əldə edə bilib. Məktubla tanış olan jurnalist öz məqaləsində bildirir ki, ata Kərimov qızı Gülnarəyə aid pulları geri almaq niyyətindədir.
Qeyd edək ki, artıq ABŞ və bir sıra Avropa ölkələri Özbəkistandakı korrupsiya ilə əlaqəli araşdırmanı davam etdirir. Bu ölkələrin bir neçə bankında həbs qoyulmuş hesablarda ümümilikdə 1 milyard dollar olduğu deyilir. ABŞ Ədliyyə Nazirliyi məmurları həmin pulların taleyinə qərar vermək üçün Özbəkistanın bir neçə şübhəli şəxslərinə, eyni zamanda, İslam Kərimovun qızına sorğu göndəriblər. Özbəkistanın müvafiq orqanı isə sorğuya cavab olaraq pulların ölkəyə qaytarılmalı olduğunu, eyni zamanda amerikalı həmkarlarından bu informasiyanın gizli saxlanılmasını xahiş ediblər.
Qeyd edək ki, 2014-cü ildə Özbəkistan Baş Prokurorluğu prezidentin qızı Gülnarə Kərimovanın küllü-miqdarda vəsait mənimsədiyini və bir neçə milyon dollarlıq çirkli pulları yuyulmasında iştirak etdiyini təsdiqləmişdi .
Hazırda prezidentin qızının taleyi ilə bağlı dəqiq məlumat olmasa da, onun hələ də ev həbsində saxlanıldığı ehtimal edilir.
Son xəbərlər
Son Xəbərlər