Prezident görüşlər keçirdi - Yenilənib

prezident-gorusler-kecirdi
Oxunma sayı: 2801

Azərbaycan Prezidenti İlham Əliyev İspaniya Krallığı Hökumətinin Sədri Pedro Sançez ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, Prezident İlham Əliyev İspaniyada baş vermiş güclü daşqınlar nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı başsağlığını çatdırıb.

Pedro Sançez göstərilmiş həmrəyliyə və başsağlığına görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.

Dövlət başçısı dəvəti qəbul edib COP29-da iştirak etdiyinə görə İspaniya Krallığı Hökumətinin Sədrinə təşəkkürünü ifadə edib, onun ölkəmizə səfərinin ikitərəfli münasibətlərin inkişafına təkan verəcəyinə ümidvar olduğunu deyib.

Pedro Sançez COP29-a dəvətə görə dövlət başçısına minnətdarlığını ifadə edib. O, bu tədbirin yüksək səviyyədə təşkili ilə bağlı təbriklərini çatdırıb.

Qonaq qeyd edib ki, gələn il İspaniyada BMT-nin Davamlı İnkişafın maliyyəlləşməsinə həsr olunmuş böyük tədbirinin keçirilməsi planlaşdırılır və COP29-un nəticələri də onun uğurlu olması işinə xidmət edəcək.

Prezident İlham Əliyev COP29-un artıq səmərəli nəticələr verməyə başladığını məmnunluqla vurğulayıb.

İspaniya Hökumətinin Sədri Azərbaycanın Sivilizasiyalar Alyansına göstərdiyi töhfəni yüksək qiymətləndirib.

Görüşdə iqtisadi-ticari əlaqələrin genişləndirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb, bunun üçün birgə işçi qrupunun yaradılması və biznes forumların keçirilməsi barədə razılıq əldə olunub.

Söhbət zamanı ölkələrimiz arasında sənaye, kənd təsərrüfatı, investisiyalar, infrastruktur layihələrinin icrası sahələrində böyük imkanların olduğu qeyd edilib, təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, Azərbaycanda İspaniya universitetlərinin açılması perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

***

Prezident İlham Əliyev İordaniya Haşimilər Krallığının Vəliəhdi Şahzadə II Əl-Hüseyn bin Abdullah ilə görüşüb.

Vəliəhd Şahzadə II Əl Hüseyn bin Abdullah atası - İordaniya Haşimilər Krallığının Kralı II Abdullah ibn Əl Hüseynin salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Kral II Abdullah ibn Əl Hüseynə çatdırmağı xahiş edib.

Qonaq COP29-un uğurla keçirilməsi münasibətilə təbriklərini çatdırıb.

İlk dəfə Azərbaycanda olduğunu bildirən İordaniya Haşimilər Krallığının Vəliəhdi ölkəmizdə gördüyü inkişaf proseslərinin onda böyük təəssürat hissi yaratdığını deyib.

Söhbət zamanı Qəzzaya humanitar yardımların göstərilməsində Azərbaycanla İordaniyanın birgə əməkdaşlığı və ölkəmizin Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdə Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) vasitəsilə də Fələstinə humanitar yardımları qeyd edilib.

***

Prezident İlham Əliyev Küveytin Vəliəhdi Şeyx Sabah Xalid əl-Həməd əl-Sabah ilə görüşüb.

Qonaq Prezident İlham Əliyevə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Liderlər Sammitinin açılış mərasimindəki məzmunlu çıxışına görə minnətdarlığını bildirib.

O, dövlət başçısının Azərbaycanla Küveyt arasında əməkdaşlığın inkişafına daim öz dəstəyini verdiyini vurğulayıb.

Söhbət zamanı birgə iqtisadi komissiyanın fəaliyyətinin canlandırılması qeyd olunub, turizm sahəsində əməkdaşlığa toxunulub, Küveytdən olan turistlərin Azərbaycana səfərlərindən məmnun qaldıqları vurğulanıb.

Görüşdə ikitərəfli münasibətlərin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

***

Prezident İlham Əliyev Qananın Prezidenti Nana Addo Dankua Akufo-Addo ilə görüşüb.

Prezident İlham Əliyev dəvəti qəbul edib COP29 tədbirində iştirak etdiyinə görə Nana Addo Dankua Akufo-Addoya minnətdarlığını bildirib. Dövlət başçısı qeyd edib ki, Qana Prezidentinin ölkəmizə bu səfəri əlaqələrimizin perspektivlərinin və əməkdaşlığımızın mümkün istiqamətlərinin müəyyənləşdirilməsi üçün yaxşı imkan yaradır.

COP29-un ölkəmizdə keçirilməsi münasibətilə təbriklərini çatdıran Nana Addo Dankua Akufo-Addo bu tədbirə dəvətə görə minnətdarlığını bildirib və onun yüksək səviyyədə təşkil olunduğunu məmnunluqla vurğulayıb.

Qana Prezidenti qeyd edib ki, dövlət başçısının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Liderlər Sammitinin açılış mərasimindəki məzmunlu və dolğun çıxışı dərin təəssürat yaradıb.

Qonaq bu tədbir çərçivəsində Azərbaycan mədəniyyətinin inciləri ilə də tanış olmaq imkanı əldə etdiyini bildirib.

Söhbət zamanı Azərbaycan ilə Qana arasında əlaqələrin inkişaf etdirilməsi perspektivləri müzakirə olunub, iqtisadiyyat, biznes əlaqələri, sərmayə qoyuluşu, beynəlxalq təşkilatlarda əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb. Münasibətlərimizi, o cümlədən iqtisadi əlaqələri inkişaf etdirmək üçün müxtəlif sahələri əhatə edən nümayəndə heyətlərinin səfərlərinin həyata keçirilməsi barədə razılıq əldə olunub.

Görüşdə elm və təhsil sahəsində əməkdaşlığa toxunularaq, Qanadan olan tələbələrin Azərbaycanda təhsil aldıqları və bu təhsildən çox məmnun qaldıqları bildirilib.

***

Azərbaycan Prezidenti İlham Əliyev Müqəddəs Taxt-Tacın Dövlət katibi kardinal Pietro Parolin ilə görüşüb.

***

Azərbaycan Prezidenti İlham Əliyev Polşanın Prezidenti Andjey Duda ilə görüşüb.

***

Azərbaycan Prezidenti İlham Əliyev Çexiyanın Baş naziri Petr Fiala ilə görüşüb.

***

Azərbaycan Prezidenti İlham Əliyevlə Müqəddəs Taxt-Tacın Dövlət katibi kardinal Pietro Parolininin görüşündə söhbət zamanı Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin dostluq və harmoniya şəraitində yaşamaları məmnunluqla qeyd olunub.

Dövlət başçısı vurğulayıb ki, ölkəmizdə multikulturalizm dövlət siyasəti olmaqla yanaşı, eyni zamanda, bizim həyat tərzimizdir.

Müqəddəs Taxt-Tacın Dövlət katibi Azərbaycanda ikinci Katolik kilsəsinin layihələndirilməsi və tikilməsi prosesinə görə təşəkkürünü bildirdi. Bu, ölkəmizdə multikulturalizmə və dinlərarası dialoqa verilən töhfənin nümunəsi kimi dəyərləndirildi.

Prezident İlham Əliyev qədim xristian irsi olan Alban irsinin də Azərbaycanda dövlət tərəfindən qorunduğu dedi və ölkəmizin ən erkən və qədim xristian icmalarının yaşadığı məkan olduğunu vurğuladı.

Görüşdə Azərbaycan dövlətinin və Heydər Əliyev Fondunun Vatikanda və dünyanın müxtəlif regionlarında xristian irsinin bərpasına verdiyi töhfə yüksək qiymətləndirildi.

Azərbaycan ilə Vatikan arasında əlaqələrdən məmnunluq ifadə olundu, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

***

Azərbaycan Prezidenti İlham Əliyevlə Polşa Prezidenti Andjey Dudanın görüşündə qonaq COP29-a dəvətə görə Azərbaycan Prezidentinə minnətdarlığını ifadə edərək, bu tədbirin yüksək səviyyədə təşkil olunduğunu vurğuladı və bununla bağlı təbriklərini çatdırdı.

Söhbət zamanı qlobal iqlim gündəliyinin vacibliyi qeyd olundu.

Polşa ilə Azərbaycan arasında əlaqələrin müxtəlif sahələrdə inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı, Azərbaycan-Avropa İttifaqı əlaqələri və regional məsələlər müzakirə edildi.

Azərbaycanda olan Polşa irsi, həmçinin polyak memarların Bakı şəhərində müxtəlif abidələrin memarlığında iştirakı məsələsi də qeyd olundu.

***

Prezident İlham Əliyevin Çexiyanın Baş naziri Petr Fiala ilə görüşündə qonaq COP29-un yüksək səviyyədə təşkil olunduğunu vurğuladı və bununla bağlı dövlət başçısını təbrik etdi. O, COP miqyasında tədbirin belə bir qısa müddətdə təşkil edilməsinin heç də asan olmadığını vurğuladı.

Qonaq qeyd etdi ki, tədbirin açılış mərasimində Azərbaycan mədəniyyətini əks etdirən çox gözəl təqdimat nümayiş olunub.

Dövlət başçısı Azərbaycan tərəfindən COP29-a hazırlıq tədbirlərinin qısa müddət ərzində yüksək səviyyədə həyata keçirildiyini və digər COP sədri ölkələrindən fərqli olaraq, bizim hazırlıq üçün çox az vaxtımızın olduğunu vurğuladı.

Tədbirin mahiyyəti üzrə aparılan danışıqlar prosesində artıq irəliləyişlərin əldə olunduğunu, qısa müddət ərzində gündəliyin razılaşdırıldığını deyən Prezident İlham Əliyev bu xüsusda vurğuladı ki, 10 ildən çoxdur müzakirələrin aparılmasına baxmayaraq, Paris Sazişinin karbon ticarəti üzrə 6-cı maddəsi ilə bağlı indiyədək irəliləyişlər əldə olunmamışdır. Ancaq dünən məhz Bakıda bununla əlaqədar müvafiq irəliləyişlərin olduğunu vurğulayan dövlətimizin başçısı bunu müsbət addım kimi qiymətləndirdi.

Prezident İlham Əliyev 2022-ci ildə Avropa Siyasi Birliyi çərçivəsində Çex Respublikasına səfərini məmnunluqla xatırladı.

Görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı.